Rasim Əliyev futbolçunu tənqid etdiyinə görə öldürülüb
Avqustun 9-u fotoreportyor Rasim Əliyevin vəfatının ildönümüdür.
Rasim Əliyev 2015-ci ilin avqustun 8-də “Qəbələ” futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında döyülüb.
Onun döyülməsinə səbəb Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini “Facebook” səhifəsində tənqid etməsi göstərilib.
Ağır bədən xəsarəti alan fotoreportyor 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib.
Bir gün sonra səhərə yaxın Bakı Klinik Mərkəzində vəfat edib.
Rasim Əliyev 2007-ci ildən RATİ-də reportyor, video və foto müxbir kimi çalışıb.
O, 2013-cü ilin iyununda Bakının mərkəzində keçirilən nümayişi işıqlandırarkən polis zorakılığına məruz qalıb və 7000 dollarlıq video kamerası sındırılıb.
Bu hadisəyə görə, iki nəfər polis işdən uzaqlaşdırılıb.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları vaxtaşırı hesabatlarında Rasim Əliyevin qətli ilə bağlı istintaqın ədalətli aparılmadığını bəyan edirlər.