Jurnalistika: milli təhlükəsizlik peşəkarlığa qarşı

Mediada münaqişələr necə işıqlandırılmalıdır?

Source:


Mediada münaqişələr necə işıqlandırılmalıdır?

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bir qrup jurnalisti bir araya gətirib onlara “ölkənin milli maraqlarını qoruyun” kimi göstəriş verməsi hazırda Azərbaycan mətbuatının trend mövzusudur. Mövzunun gündəmdə qalması isə burada iştirak edən “media kapitanları”nın adı ilə bağlıdır. Adlarını çəkməyə xüsusi ehtiyac yoxdur, zatən kimlər orda olub, hamımız bilirik. Onlar müsahibələr verirlər, yerli TV kanallarında tok-şoular təşkil edərək Ramiz müəllimin dediklərinə haqq qazandırmaqla yanaşı, öz təklifləri ilə də çıxış edirlər. Bu təkliflərin arasında “KİV haqqında” Qanunun dəyişdirilməsi, senzura tətbiq olunması, KİV-in qeydiyyatını sərtləşdirmək, jurnalistlərin cinayət məsuliyyətinə cəlb olunması…. daha nələr-nələr.



Cəmiyyətə xidmət

Müharibə, konflikt hər zaman böyük xəbər olub. Bu halda insanlar informasiya üçün daha ac olurlar. Hamını bir sual düşündürür; nə baş verir? İnsanlar hər şey haqqında bilmək istəyirlər. Çünki bu, müharibədir, müharibə isə dəhşətdir. Bütün cəmiyyətlərdə insanların müharibə xəbərlərinə olan tələbatı artır. Bu isə istənilən kütləvi informasiya vasitəsi üçün uğurdur. Hər bir KİV istəyir ki, onu oxusunlar, onu dinləsinlər, ona baxsınlar. Qərb mediası bu vəziyyətdə reportyorlarını birbaşa hadisə yerinə göndərir. Oxucular da öz növbəsində müharibənin dəhşətləri və qəhrəmanlar haqqında məlumatlarla tanış olurlar. Münaqişələr başlayarkən xəbərlər ən yaxşı satılan  əmtəəyə çevrilir.

70 il Sovet İttifaqının buxovlarında  yaşamış Azərbaycan kimi ölkələrdə media hər zaman təbliğat, təşviqat funksiyasını yerinə yetirib. Bunun da məntiqi nəticəsidir ki, Sovet jurnalistikasının funksiyalarına cəmiyyəti əyləndirmə, maarifləndirmə, məlumatlandırma daxil idi. Sual yaranır; jurnalist əyləndirmə və maarifləndirmə ilə məşğul olursa, o zaman teatr, kino, konsert zalları, sirk və orta, ali məktəblər nə işlə məşğuldur? Eyni məntiqi biz digər peşə sahiblərindən də tələb etməliyik. Məsələn, diş həkiminin pasiyentin dişini çəkərkən ona lətifələr danışıb əyləndirməsi kimi.

Bu gün Azərbaycan mediasının başında duran, onu idarə edən, hətta ağıl öyrədənlərin həm özləri, həm də bilikləri çox köhnəlib. Onlar hələ də Sovet İttifaqi Mərkəzi Komitəsinin qarşıya qoyduğu məsələlər kimi medianın, jurnalistikanın milli maraqlara, azərbaycançılıq məfkurəsinə, milli təhlükəsizliyin qorunmasına xidmət etməli olduğunu deyirlər, yazırlar. Bu reaktorların məntiqinə görə, hərbi əməliyyatlar zamanı media yalan danışmalıdır, yalan yazmalıdır ki, guya hər şey gözəldir, əladır. Şimali Koreya kimi qapalı dövlət barəsində belə, istənilən an informasiya əldə etmək olur.


Media niyə yalan danışmalıdır, milli maraqları niyə qorumalıdır?  Olmaz ki, media məhz hərbi əməliyyatlar zamanı doğrunu desin?

Kontingentindən asılı olmayaraq, ölkədə siyasi institutlar, hökumət strukturları media ilə işləmirsə, səthi, ütülü informasiyalar verirsə, o zaman problemlər, anlaşılmazlıqlar daha çox yayılır. Sonra da jurnalisti milli təhlükəsizliyi qorumağa səsləyirlər.


Sıravi jurnalist milli təhlükəsizliyi necə qorumalıdır, nə ilə qorumalıdır, onun buna hansısa resursu, maddi-texniki bazası varmı? Jurnalist təhlükəsizliyi qoruyursa, o zaman güc strukturları nə ilə məşğuldur? Hərbi sirr kənara çıxıbsa, jurnalist onu yayırsa, nə üçün media mənsubu məsuliyyətə cəlb olunmalıdır? Bu sirri qoruyan qurum və şəxslər nə üçün cəzalandırılmır?


Bir ölkənin hərbi sirri adi bir ehtiyatsızlıq üzündən sızırsa o zaman hökumət həyəcan təbili çalmalıdır. Jurnalistin vətən qarşısında yalnız bir xidməti var- cəmiyyəti fakta əsaslanan doğru, dəqiq informasiya ilə təmin etmək. Kimisə, nəyisə qorumaq onun vəzifə borcu deyil.



Həqiqət VS Fakt

Tez-tez eşitdiyimiz söz birləşməsidir- “Azərbaycan həqiqətləri”. Məsələ burasındadır ki, sizin üçün həqiqət kimi görünən bir şey başqası üçün həqiqət deyil. Odur ki, jurnalist həqiqət axtarışında deyil, fakt axtarışında olmalıdır. Fakt mövcud olan və təkzib olunmayan nəsnədir. Bu da o zaman mümkündür ki, reportyor azad mühitdə işləyir, zəruri olan informasiya ilə təmin olunur və cəmiyyətə faktla zəngin məlumat ötürür.



Etik Kodeksi olmayanlr, amma ağıl öyrədənlər

Müstəqil Azərbaycan jurnalistlərinin etik kodeksi ilk dəfə 1991-ci ildə qəbul edilib. O dövrdə bu layihənin müəllifi Azərbaycan Jurnalistlər Birliyi idi. Bu kodeks özündə sovet ənənələrini ehtiva etdiyindən yeni kodeksin yaradılmasına ehtiyac duyurdu. 1998-ci ildə Azərbaycan Jurnalistlərinin Peşə Etikası Kodeksinin yaradılması ideyası ilə “Yeni Nəsil” Jurnalistlər Birliyi çıxış etdi.

Peşə Etikası Kodeksi  üçüncü dəfə 2003-cü ildə qəbul olundu. Bu isə Azərbaycan Mətbuat Şurasının yaradılması ilə bağlı məsələ idi. Bu kodeks əvvəlkilərə nisbətən geniş fünksiyaları özündə ehtiva edirdi. Sonuncu  kodeksi isə Mətbuat Şurası ATƏT-in Bakı ofisi ilə müştərək hazırlayıb.

Maraqlı bir tendensiya var. 1991, 1998, 2003 və dördüncü kodeksdə medianın ekstremal şəraitdə, etnik münaqişələr, hərbi əməliyyatlar beynəlxalq konfliktlər mövzusunu hansı formada işıqlandırmaqla bağlı məqam öz əksini tapmayıb. Bunun da bir səbəbi ola bilər ki, əksər redaktor medianın hələ də milli, dövlət maraqlarına xidmət etdiyini hesab edirlər və yuxarıda adı çəkilən hallarda onlar milli maraqlar naminə peşəkarlığı üçüncü, dördüncü plana keçirəcəklər.

Bu gün hakimiyyətin də, müxalifətin də mənafeyini müdafiə edən hansısa KİV-in özunun etik kodeksi yoxdur. Etik kodeks KİV-in davranış qaydalarını müəyyən edir. Belə bir kodeksi olmayan media digərlərinə necə dərs keçə bilər?


Təhsilsizlik

2014-2015-ci tədris ilində Azərbaycan universitetlərinin Jurnalistika fakültələrində ümumilikdə 47 nəfər təhsil alacaq.

40 nəfər Bakı Dövlət Universitetində, 4 nəfər Azərbaycan Dillər Universiteti, 2 nəfər Bakı Slavyan Universitetində, 1 nəfər isə Naxçıvan Dövlət Universitetində təhsil alacaq. Sonuncu artıq ixtisasını dəyişib. Özəl ali məktəblərə isə qəbul dayandırılıb. Bu ixtisasa olan dövlət qayğısızlığı onu göstərir ki, bu gün qanunların sərtləşdirilməsini, senzuranın yenidən tətbiq olunmasını istəyənlərin məqsədi milli təhlükəsizliyi qorumaq yox, jurnalistika təhsilini rəsmən məhv etməkdir.

Tədris proqramlarında da hərbi əməliyyatlar zamanı reportyorun davranış qaydaları, konflikt mövzularını işıqlandırmaqla bağlı dərslər keçirilmir. Ən yaxşı halda bu seçmə fənn kimi təqdim olunur. Nəzərə alsaq ki, özəl ali məktəblərdə bu fakültə yoxdur, digərlərində də qəbul istənilən kimi olmayıb, o zaman vəziyyətin nə qədər acınacaqlı olduğu göz önündədir.

Jurnalistika fakültələrinə qabiliyyət imtahanı üzrə mövzular isə belə olub: “Kimə oxşamaq istəyirəm”, “Ən yaddaqalan günüm”, “Jurnalistin imici necə formalaşır”.


Müdafiə Nazirliyinin informasiya(sızlıq) siyasəti

Hərbi ekspert Cəsur Sümərinlinin bir müddət öncə bu sətirlərin müəllifinə verdiyi müsahibədən çıxarış.

“Sovet sistemindən fərqli olaraq, NATO standartlarında hərbi siyasi rəhbərlik maraqlıdır ki, cəmiyyət ordudakı problemlər barəsində məlumatlı olsun. Buna görə də, onlar media, QHT-lər ilə daim birgə işləyirlər və ordu ilə bağlı hansısa neqativ informasiya əldə etdikdə dərhal onun həllinə çalışırlar. Onlar dərk edirlər ki, əgər bir problem qapalı qalsa, o ordunun daxilində virus kimi yayılacaq, sonra onun qarşısını almaq çox çətin olacaq, çoxlu xərc tələb olunacaq, nəticədə ordu deqradasiyaya uyğrayacaq. Biz gözləyirdik ki, MN-nin informasiya siyasətində şəffaflaşma olacaq, ictimaiyyətlə sıx əlaqələr qurulacaq. Amma hər şey gizli, qapalı saxlanılır”.

Əlavəyə və şərhə ehtiyac yoxdur.


Yersiz müqayisələr

“CNN ABŞ dövlətinin milli maraqlarını qoruyur, ABŞ-da da jurnalistlər həbs olunur”.  Nə olsun? Onlar pisdirsə, bizdə də vəziyyət pis olmalıdır? Birincisi, CNN-in milli maraqları qoruması mübahisəli mövzudur, lap tutaq ki, belədir.

ABŞ-da Azərbaycan əhalisinin sayı qədər media var, bəlkə də daha artıq. Bu ölkədə hər kəndin, hər icmanın öz mediası var. Orta statistik amerikalının seçim imkanı var. O, bəyənmədiyi, xoşlamadığı, peşəkarlığına şübhə etdiyi KİV-i izləmir, oxumur. Seçim olduğu üçün peşəkarlara baxır. Azərbaycanda eyni vəziyyət hökm sürürmü? Orta statistik azərbaycanlının seçim imkanı nə qədərdir? Tez-tez müxtəlif rəhbərlər müxtəlif media qurumlarını onların xəbərləri oğurlamaqda günahlandırır və bunu yüksək səslə bəyan edirlər. Buna bilgisayar dilində “copy-paste” deyilir. Qısası, Azərbaycan mediası da bir-birini “copy-paste” edir. Fərqli bir şey yoxdur.

Ümumiyyətlə, Ramiz müəllimin özünü müstəqil, vicdanlı, obyektiv, hər zaman faktın fövqündə duranlar kimi təqdim edənləri yığıb tapşırıqlar verməsi dartışılmalı mövzudur. Baş redaktorların etiraz etməməsi, əksinə, bu görüşə haqq qazandırmaları ayrı bir aləmdir. Nəzərə alsaq ki, çöldə XXI əsrdir və Azərbaycan Avropaya, Qərbə inteqrasiya edir, o zaman vəziyyətin nə qədər ciddi olduğunu az da olsa dərk etmək mümkündür.

Ana səhifəXəbərlərJurnalistika: milli təhlükəsizlik peşəkarlığa qarşı