Jurnalisti cərimə etdilər

Avqustun 19-da Nərimanov Rayon Məhkəməsi gununsesi.info saytının baş redaktoru, keçmiş məhbus Pərviz Həşimlini 50 manat cərimələyib.

Source:

Pərviz Həşimli
Pərviz Həşimli
Pərviz Həşimli
Pərviz Həşimli

Avqustun 19-da Nərimanov Rayon Məhkəməsi gununsesi.info saytının baş redaktoru, keçmiş məhbus Pərviz Həşimlini 50 manat cərimələyib.

Bu barədə Turana Pərviz Həşimlinin özü məlumat verib.

Avqustun 18-də jurnalistlə ləğv edilən milli təhlükəsizlik nazirinin sabiq müavini Hilal Əsədovun sürücüsü Zöhrab Muradov arasında insident baş verdiyi bildirilirdi. Həmin gün polis bölməsində insidentlə bağlı hər iki tərəfin ifadələrinin alındığı deyilirdi.

Məhkəmə qərarı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin təqdimatına əsasən qəbul edilib. Həm jurnalistin, həm də adı insidentdə keçən sürücü Z. Muradovun İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (xırda xuliqanlıq) günahlandırıldığı deyilirdi. Məhkəmənin onların hər ikisini 50 manat cərimələdiyi söylənir.

P. Həşimli Turan-a açıqlamasında məhkəmənin qərarının qanunsuz olduğunu deyib.

“Bu qərardan yuxarı məhkəmə instansiyasına apelyasiya şikayəti verəcəyik”, deyə jurnalist bildirib.

P. Həşimli avqustun 18-də günorta saatlarında Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə aparılmışdı. Səbəb keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı və onun sürücüsü ilə baş verən insident göstərilirdi. Jurnalist sürücünün fiziki zorakılığına məruz qaldığını bildirmişdi.

Polis bölməsində həm jurnalistin, həm də qarşı tərəf kimi Hilal Əsədovun sürücüsü və həyat yoldaşının izahatı alındığı bildirilirdi. Onların üçü də izahat alındıqdan sonra sərbəst buraxılmışdı.

İnsidentə P. Həşimlinin baş redaktoru olduğu saytda keçmiş nazir müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədova barədə yayılan xəbərin səbəb olduğu bildirilirdi.

Pərviz Həşimli 2014-cü ildə Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah-sursat saxlama) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Jurnalist ittihamları rədd edir və keçmiş MTN-in vəzifəli şəxslərinin sifarişi ilə həbs olunduğunu bildirirdi.

Onu 2013-cü il sentyabrın 17-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları həbs etmişdilər.

Pərviz Həşimli bu ilin martında ölkə başçısının imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Ana səhifəXəbərlərJurnalisti cərimə etdilər