“Biz hər şeyi öz pulumuzla çəkdirmişik. Jurnalistə gətirib, orada müftə ev verirsən, mənim öz qanunla tikdiyim evə elə pul verirsən ki, mən o pulla heç gedib, Sulutəpədə ev ala bilmərəm”
Səbail rayonundakı “20-ci sahə” adlanan ərazinin sakinləri evlərinin taleyindən narahatdır. Səbəb isə bir müddət əvvəl yaşadıqları ərazinin dövlət planına düşməsi ilə bağlı aldıqları xəbərdir. Neft buruqlarının olduğu ərazidə yaşayan sakinlərin dediyinə görə, bu yaxınlarda Dövlət Neft Şirkəti onları məhkəməyə verib və yaşadıqları ərazinin şirkətə məxsus olduğu məhkəmə qərarı ilə təsdiqlənib.
Evinin söküləcəyindən narahat olan Bayıl sakini deyir ki, o, nə vaxt çıxacağını bilmək istəyir: “Bizi götürüb, çölə tökməsinlər . Elə bir qiymət versinlər ki, biz də ev ala bilək. Bildiriş versinlər. Əsas mən bilim ki, nə vaxt köçürəm”.
Başqa bir sakin isə evindən çıxmaq istəmədiyini deyir: “Mənim evdə iki qocam var. Mən gərək, o qocalara ev alım. Mən öz ata-anamı öz əlimlə Qocalar Evinə aparım? Mənə sərf edir burada yaşamaq. Yenə bilirəm ki, həyətim var, yenə qocadır, paltarlarını yuyub, sərirəm. Mən gedib, haradan ev almalıyam? Pulumu verməsələr, mən o pula ev ala bilməsəm, çıxmayacam. Özümü nöyüt töküb, yandıraram”.
“Bizi nə səbəbə köçürürlər? Yaşıllaşdırmaqdır? Bu qədər boş ərazilər var, yaşıllaşdır da. Dərdimiz çoxdur. Özü də heç bir qanuna riayət olunmur. Buradan mən demişəm. Kim çıxsa da, biz çıxmayacağıq”.
Ermənistandan qaçqın düşmüş Bayıl sakininin sözlərinə görə, əgər Azərbaycanda mülk sahibi olmaq yasaqdırsa, o zaman hökümət onu Ermənisatana göndərsin: “Ermənistan qaçqınıyam. Yaxşı, onda torpağı al, göndər bizi Ermənistana. Gedək, orada yaşayaq. Əgər şəhərdə yaşamağa, mülk salmağa haqqımız yoxdursa, onda, qoy, bizi göndərsinlər Ermənistana. Gedək, orada yaşayaq”.
Narazılar arasında onlara konkret söz deyilmədiyi üçün evlərini təmir etdirə bilməyənlər də var: “Ya köçürsünlər, ya da desinlər ki, getmirsiniz. Biz də evlərimizə bir çarə edək”.
Sakinlər deyir ki, əgər evlərini qanunsuz tikiblərsə, bəs niyə onların yaşadıqları küçələrə adlar verilib?
“Qanun yolu işləmir. Qanunsuz yol işləyir. Ona görə də bu boyda Bayıl tikildi, qurtardı. Bu boyda tikintidən heç kimin xəbəri yoxdursa, deməli, dövlətin heç nədən xəbəri yoxdur”.
Səbail Rayon İcra Hakimiyyətinin sözçüsü Meydan Tv-yə bildirib ki, 20-ci sahədəki evlərin köçürülməsi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil: “Bu, ərazidə yaşayan hansısa şəxsin təxəyyülüdür. Ola bilər haçansa olsun. Bu gün orada köçürülmə yoxdur. Və bu gün orada köçürülmə nəzərdə tutulmayıb. Dövlət qərarı olmursa, bu, boş söhbətdir. Hansısa sakin haradasa nə isə deyibsə, bu, doğru söhbət deyil”.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən isə məsələyə aydınlıq gətirmək istəməyiblər.