Vəkil: ”Buna görə məhkəmə nəzarəti qaydasında şikayət verəcəyik”
İyunun 12-si vəkil Cavad Cavadov Bakı İstintaq Təcridxanasında jurnalist Əziz Orucovla görüşüb.
Məlumatı vəkil Cavad Cavadov özü verib. Bildirib ki, təcridxanaya gətirildiyi gündən Əziz Orucova “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun tələblərinə zidd olaraq, telefonla zəng vurmaq, ailəsi ilə görüşmək imkanı verilməyib:
“Səbəbini aydınlaşdırmaq üçün təcridxananın rəsmi şəxslərinə müraciət etdim. Şifahi olaraq bildirildi ki, telefon zənglərinə və görüşə qadağa istintaq orqanının qərarı ilə tətbiq olunub. Razılığın əldə edilməsi üçün istintaq orqanına müraciət etməyimizi bildirdilər. Bununla bağlı rəsmi müraciətlər edəcəyik. Belə qərar vardırsa, bu, istər yuxarıda göstərilən qanunun tələblərinə, istərsə də İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının 8-ci maddəsinə ziddir. Qərarın surətini əldə etdikdən sonra məhkəmə nəzarəti qaydasında şikayət verəcəyik”.
Məsələylə bağlı jurnalistin istintaqını aparan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.
“Kanal 13” TV-nin Bakı bürosunun rəhbəri Əziz Qaraşoğluna (Orucov) mayın 2-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.
Ə.Qaraşoğlunun inzibati cəzası başa çatan gün – iyunun 1-də ona qarşı cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Ə.Qaraşoğlu barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.
Cinayət işi Ə.Qaraşoğlunun təsisçisi olduğu “Qafqaz Media Təhqiqatları” İctimai Birliyi və “Kanal 13” ilə bağlıdır.
Nəsimi rayon Məhkəməsi Ə.Qaraşoğlu barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.
“Kanal 13” internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.
Həbs edilən gün Ə.Qaraşoğlunun evində və “Kanal 13” internet televiziyasının Bakı ofisində axtarış aparılıb. Kompüterlər götürülüb.