Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb

Şahnaz Bəylərqızı. Foto: Şəxsi facebook səhifəsi

Onun yaşadığı mənzildə axtarış aparılıb

“Toplum TV”də veriliş aparıcısı və redaktor işləmiş jurnalist Şahnaz (Hüseynova) Bəylərqızının saxlanıldığı bildirilir.

Yaxınlarının verdiyi məlumata görə, onun yaşadığı mənzildə də axtarış aparılıb.

Daxili İşlər Nazirliyi Şahnaz Bəylərqızının saxlanılmasını təsdiqləyib.

“Hüseynova Şahnaz (Bəylərqızı) istintaq zərurətinə görə saxlanılıb. Faktla bağlı araşdırma aparılır”, – mətbuat xidmətindən bildirilib.

Bu gün daha bir jurnalist -“arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa) saxlanılıb.

Şəmşad Ağa “Meydan TV işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.

2023-cü ilin noyabrından bu yana Azərbaycanda 30-dan artıq jurnalist həbs olunub.

Onların arasında “Meydan TV”, “AbzasMedia”, “Toplum TV”, Kanal 13”, “meclis.info” kimi tənqidçi media orqanlarının rəhbərləri və çoxsaylı əməkdaşları var.

Jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. Lakin onlar bu ittihamı rədd edir, jurnalist fəaliyyətlərinə, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirirlər.

Ana səhifəSiyasətJurnalist Şahnaz Bəylərqızı saxlanılıb