O, inzibati xəta protokolunda yazılanların yalan olduğunu, söyüş söymədiyini və kimsəyə tabesizlik göstərmədiyini bildirib
Jurnalist, siyasi icmalçı Şahin Rzayev yanvarın 15-də həbs olunub. Suraxanı rayon Məhkəməsinin qərarıyla ona 15 sutka inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunur.
İddia olunur ki, Şahin Rzayev küçədə söyüş söyüb, polislər ondan intizamlı olmasını tələb etsə də, əhəmiyyət verməyib. Bu üzdən saxlanılaraq, Suraxanı rayonu, 31-ci polis bölməsinə gətirilib.
Yaxınlarının bildirdiyinə görə, Şahin Rzayevin saxlanması, məhkəməsinin keçirilməsi ilə bağlı ailə üzvlərinə məlumat verilməyib. Yanvarın 15-də günorta saat 14.00 radələrində mağazaya gedəndə polislərin onu tutub apardığı bildirilir.
Şahin Rzayev məhkəmə qarşısına dövlət hesabına vəkillə çıxarılıb. O, inzibati xəta protokolunda yazılanların yalan olduğunu, söyüş söymədiyini və kimsəyə tabesizlik göstərmədiyini vurğulayıb.
Yaxınları da onun jurnalist fəaliyyətinə və “Facebook” sosial şəbəkəsindəki paylaşımına görə cəzalandırıldığını düşünür.