Xədicə İsmayıl bildirib ki, ATƏT-in Parlament Assambleyası İnsan Haqları Komissiyasının sədrindən, ABŞ Konqresinin nümayəndə heyətinin rəhbərindən dəvət alıb
———————————————————————————————
İyunun 28-də Binəqədi Rayon Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyilə araşdırmaçı-jurnalist Xədicə İsmayılın ölkədən çıxışıyla bağlı müraciətinə baxılıb.
Bu barədə Meydan TV-yə məlumat verən Xədicə İsmayıl bildirib ki, prosesdə onun hüquqlarını dövlət tərəfindən təyin olunmuş vəkil Emil Aslanov müdafiə edib.
Prokuror Svetlana İslamova iddianın qəbul olunmamasını istəyib. Hakim heyəti müşavirədən sonra jurnalistin ölkədən çıxışına qoyulan qərarın qüvvədə qaldığını elan edib.
——————————————————————————————–
Araşdırmaçı-jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl ölkədən çıxışına icazə verilməsini istəyir.
Jurnalist bununla bağlı məhkəməyə müraciət edib.
X.İsmayıl bu barədə özünün Facebook səhifəsində yazıb.
Jurnalist bildirib ki, ölkədən çıxışına icazə verilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsinə müraciət edib. Müraciət artıq icraata qəbul edilib.
Məhkəmə işə iyunun 28-də saat 17:00-da baxacaq.
X.İsmayıl qeyd edib ki, ATƏT-in Parlament Assambleyası İnsan Haqları Komissiyasının sədrindən, ABŞ Konqresinin nümayəndə heyətinin rəhbərindən dəvət alıb. Bundan başqa, ATƏT-in media konfransında iştirak etməlidir.
Jurnalist məhkəmə müsbət qərar verərsə, sözügedən toplantılara qatılmaq niyyətindədir.
Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı.
Lakin o, ittihamları qəbul etmirdi və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.
X.İsmayıl mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası ilə sərbəst buraxılıb.