Jurnalist ovu

İnsanı ən ehtiyacı olan şeylə sınamaq xüsusi qəddarlıqdır

Source:

İnsanı ən ehtiyacı olan şeylə sınamaq xüsusi qəddarlıqdır. O sınaqdan necə çıxmaq isə şəxsiyyət, iradə, ən əsas da özünə və sözünə sahib olmaq məsələsidir. Lovğalıq olmasın, həyatımda bir neçə belə sınaqlardan əla olmasa da, kafi çıxa bilmişəm. Artıq sınaq müddətim keçib deyə toxunmaq istədiyim mövzuda tərəfsiz olduğumu düşünürəm. Yəni “pişiyin ağzı ətə çatmayanda”-zad kimi aforizmlər mənə yapışmaz.

Ölkədə işıq sürətilə dəyişən gündəmin qazmaq altında gizlənən toyuq buduna bənzər bir hissəsi sabit olaraq qalır. Bütün “sensasiyalı” xəbərlərin uzağı üç-dörd gün ömrü olduğu halda həmin hissəyə olan maraq azalmır. Söhbət jurnalistlərə veriləcək növbəti ev qalmaqalından gedir. Anlayacağımız, belə məsələlərin ustad iqtidarı tilovu qələm əhli tərəfə ataraq anında yaranan tıxacı ləzzətlə seyr və saf-çürük etməkdədir.

Bildiyimiz kimi, Azərbaycanda maksimum iqlim qurşağı, mümkün təbii sərvətlərin hamısı və bunlara uyğun da Kütləvi İnformasoya Vasitələri – KİV var. Belə ki, bizim fədakar “KİV”imiz ölkədə baş alıb gedən inkişafı, maddi-mənəvi rifah halını, bunların fonundakı çiçəklənən Azərbaycanın, dağılmaqda olan Amerikanın, böhranda boğulan Avropanın real mənzərəsini gündəmə gətirməklə xalqımıza layiqincə informasiya xidməti göstərir. Şükürlər olsun ki, bəzi “ünsür” istisnalar xaric indiyə qədər milli təəssübkeş internet və oturaq tele-efir məkanlarımız, qəzet və saytlarımız tərəfindən hakim, həkim, dava-dərman, normal qida, sosial-məişət çatışmazlığından bu və ya başqa şəkildə həyatını itirən vətəndaşlar aşkar edilməyib. İş o yerə çatıb ki, ölüm statistikası yalnız bekarçılıqdan intihar edən mərhumların umuduna dəyişir. Qarabağın dəqiq nə zaman qaytarılması hərbi sirr olduğundan bu barədə hələlik yalnız xoş mülahizələr yürüdülür.

Belə olan surətdə, əlbəttə, hökumət ölkənin güzgüsü olan zümrənin əməyini qiymətləndirməlidir. Amma bu qədər jurnalistə ev çatdırmaq olmaz ki… Ev az, jurnalist çox. Bəs onda mənzil kimə verilsin? Ən ehtiyacı olanamı? O deyil. Ən istedadlıyamı? O deyil. Ən cəsarətliyimə? O da deyil…

Bunların tam əksi olanlaramı? Amma onları necə seçib ayıracaqlar, hansı xüsusiyyətlərinə üstünlük verəcəklər? “Üslub”, mədhetmə, sitayiş eyni. Minnətdarlıq desən, bunu ötən əməliyyatdan sonrakı utandırıcı “dil-ağız” yarışmasında əyani gördük. Baxmayaraq ki, iştirakçıları tanımıram, amma aralarında “ən” olmasa da, verilən mükafata ən azından evsizlik səbəbindən haqq edənlərin olduğuna inanıram. Və məhz onlara görə öz payıma həmin mərasimi həmişə təəssüflə xatırlayıram. Yəni niyə pis-yaxşı yaradıcı adam ən zəruri təbii tələbata görə hakimiyyətə borclu qalmalıdır? Niyə ölkədəki durum hər kəsi yuxarılardan bir cür asılı etməlidir? Niyə hətta “xoşməramlı” ev bağışlama belə, qocaman bir sual işarəsinə dönüb ağır hisslərə səbəb olmalıdır?

Bu kimi suallara müxtəlif yanaşmalar ola bilər. Mənim bildiyim odur ki, bölgü hansı prinsiplərlə aparılır-aparılsın, bu “evvermə” məsələsi yaradıcı mühit üçün mənəvi travma mənbəyidir. Hətta “udanların” belə qaça bilməyəcəyi bir vicdan hesabatıdır. Normal şüurlu kimsə başqalarının dözülməz şəraitini görə-görə özünə inayət edilmiş komfortlu mənzildə tam rahat ola bilməz. Hələ həbsə atılmış söz adamlarını demirik ki, onda, ümumiyyətlə, həmin dörd divarın əhəmiyyəti sıfıra enir.

Böyük Həsən bəy Zərdabinin adı ilə tarixə düşərək Mirzə Cəlil, Sabir, Ədürrəhim bəy Haqverdiyev kimi neçə-neçə aydınların min zillətlə böyük dünyaya çıxartdıqları Milli Mətbuat Gününü “ev dustağı” olmadan qeyd edəcək bütün cəfakeş qələmdaşlara xoş günlər arzusuyla…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəJurnalist ovu