Ələsgər Məmmədli: “Turan”ın başına gələnlər azad medianın son işartılarını söndürməkdir
“Vergi cinayətlərini araşdıran komandanın “hücum edərcəsinə” gəlib ““Turan” İnformasiya Agentliyində axtarış aparması açıq şəkildə siyasi basqının hüquqi kamuflyajıdır”, – media üzrə ekspert Ələsgər Məmmədli belə deyir.
O bildirib ki, Vergilər Nazirliyi avqustun 8-də “Turan”a rəsmi məktub göndərib, 23 avqusta qədər müəyyən sənədlərin təqdim edilməsini tələb etmişdi. Qanuna görə, 15 günlük müddət hüququn tələbidir:
“Həmin müddəti gözləmədən məhkəmə qərarı çıxararaq axtarış aparılması ““Turan”ın fəaliyyətini istəmirik, bütün qanuni və qanunsuz yollarla fəaliyyətə əngəl olacağıq”, – mesajını verməkdir”.
Ələsgər Məmmədli deyir ki, bundan əlavə, gələn heyətin qeyri-peşəkarlığı və ya qəsdən qanunsuz hərəkətlər etməsi də başqa bir problemdir:
“Müstəqil Azərbaycanın ilk informasiya agentliyinə – peşəkarlıq və tərəfsizlik aspektindən tək güvənilir agentlik kimi ölkədaxili və xarici tərəflər üçün ilkin mənbə olan bir quruma küçə dükanına girən kimi girib, jurnalistika fəaliyyətini iflic etmələri, jurnalistlərin öz funksiyalarını icra etmələrinə qanunsuz məhdudiyyət tətbiq etmələri, jurnalist mənbələrinin gizliliyinə qanunsuz müdaxilə ciddi qanun pozuntusudur. Bunlar ya dərk etmirlər, da dərk etmək istəmirlər ki, jurnalistlərin fəaliyyətini yalnız qanunla və legitim məqsədlərlə məhdudlaşdırmaq olar. Sənəd götürməyə gələnlər çəkilişi məhdudlaşdıra bilməz”.
Hüquqşünas deyir ki, jurnalistin mənbəyinin gizliliyinə müdaxilə edib, onun kompüterlərinə girmək olmaz:
““Turan”a axtarışa gələnlərin əlindəki məhkəmə qərarı sadəcə mühasibat sənədlərini götürməklə bağlı olduğuna baxmayaraq, özlərini fövqəladə güc hesab edərək, onlarla jurnalistin işini görmələrinə mane olmaq özü cinayət məsuliyyəti yaradır. Amma bunlar əmindirlər ki, “Turan”a məhdudiyyət siyasi sifarişlə verildiyinə görə onların bütün hüquqdankənar fəaliyyətləri toxunulmazlıq zirehi ilə qorunacaq. Siyasi sifarişlər sabah məhkəmələrdə də qanunsuz hərəkətlərin tanınması və aradan qaldırılması üçün müraciət edənlərə qarşı yeni qərarlar üçün stimul olacaq. Belə olmasa, həmin məhkəmələr daha bir həftə öncə Vergilər Nazirliyini məhkəməyə verən “Turan”ın şikayətinə baxmadan, qisas olsun deyə agentliyin ofisində axtarış aparmaq istəyən Vergilər Nazirliyinin istəyini müticəsinə qərara çevirməzdilər”.
Ələsgər Məmmədli sonda bildirir ki, “Turan”a qarşı baş verənlər azad medianın son işartılarını söndürmə təşəbbüsüdür:
“Ölkəni qaranlıqlara qərq etmə təşəbbüsüdür. Bu təşəbbüslər dərhal dayandırılmalıdır”.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan” İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaq başlanıb.
Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Vergi yoxlaması qərarı Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin agentliyə 37 min manatdan çox borc hesablanması haqqında qərarına əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib. Hər iki departament agentlikdən bütün vergi sənədlərini tələb edirlər.
Agentlik isə bildirir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıyır.