Hakim vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edəcəyini bildirib
Sentyabrın 15-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllıda yaşayan, bir sıra media orqanları ilə bölgə müxbiri kimi əməkdaşlıq edən jurnalist Elçin İsmayıllının məhkəmə iclası davam edib.
Meydan TV-nin məlumatına görə, hakim Rəşid Hüseynov iclasda jurnalistlərin iştirakına imkan verməyib. O bildirib ki, jurnalistlər məhkəmə prosesində iştirak etmək üçün əvvəlcədən icazə almadılar. Onun göstərişi ilə məhkəmə zalında olan “Azadlıq” qəzetinin müxbiri Təzəxan Mirələmli icraçılar tərəfindən bayıra çıxarılıb.
İclasda E.İsmayıllının vəkilləri İslam İsmayılov və Elçin Sadıqov müdafiə nitqi ilə çıxış ediblər. Onlar cinayət işinin saxta olduğunu, məhkəmənin düzgün aparılmadığını deyiblər. Bildiriblər ki, müdafiə etdikləri şəxsin barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməlidir.
Hakim R.Hüseynov E.Sadıqovdan bəzi sənədlər də istəyib. E.Sadıqov isə həmin sənədləri poçtla göndərdiyini deyib. Buna görə onunla hakim arasında mübahisə yaranıb. Hakim vəkildən Vəkillər Kollegiyasına şikayət edəcəyini deyib.
İclasda son sözlə çıxış edən E.İsmayıllı isə təqsiri olmadığını deyib. Bildirib ki, ittihamlar əsassızdır.
Bundan sonra hakimlər müşavirəyə gediblər. Bildirilib ki, məhkəmənin hökmü sentyabrın 18-də elan ediləcək.
Elçin İsmayıllı bu il fevralın 17-də İsmayıllı rayonunda həbs olunub. O, İsmayıllı rayonunda vəzifəli şəxslərdən haqqında rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə ittiham olunur.
E.İsmayıllı özünü təqsirli bilmir. Saxlanılarkən üzərində olan 1000 manatı illərdir tanıdığı Azər Abbasovdan borc aldığını deyir. İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin keçmiş rəhbəri A.Abbasov məhkəmədə deyib ki, həmin vəsaiti ona icra başçısı M.Sadıqov verib Elçinə çatdırmasını istəmişdi.