“Məhkəməyə də müraciət etmişəm, amma nəticə yoxdur”
Jurnalist İslam Şıxəlinin 6 il əvvəl Baş Prokurorluğun o vaxtkı Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsi tərəfindən götürülən əşyaları geri qaytarılmır.
İslam Şıxəli Meydan TV-yə bildirib ki, dəfələrlə Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə sorğu göndərib, hətta məhkəməyə də müraciət edib, ancaq bir nəticəsi olmayıb:
“6 il əvvəl yaşadığım evdə axtarış və götürmə əməliyyatı apardılar. O vaxtdan indiyəcən hələ də əşyalarımı geri qaytarmaq istəmirlər”.
Jurnalist bildirir ki, həmin ərəfədə Meydan TV-yə açılmış cinayət işinə görə istintaqa şahid qismində cəlb olunub:
“Axtarış istintaq idarəsinin istintaqını apardığı 152006048 saylı cinayət işi üzrə həyata keçirilib. Bu da Meydan TV-yə açılmış cinayət işidir. İstintaq hərəkətləri zamanı demələrindən belə bəlli olub ki, guya mən yaşadığım evi Meydan TV-yə ofis kimi icarəyə vermişəm. Özləri də çox yaxşı bilirdilər ki, mənim Meydan TV ilə əməkdaşlığım olmayıb. Maraqlısı budur ki, Meydan TV ilə əməkdaşlığı olan hamıdan götürülən əşyalar geri qaytarılıb, ölkədən çıxışlarına tətbiq edilən məhdudlaşdırıcı tədbirlər ləğv edilib, amma mən qalmışam”.
İslam Şıxəlinin fikrincə, müstəntiq Əli Babayev məhkəmədə “zərurət aradan qalxdıqdan sonra əşyaların qaytarılmasına baxıla bilər” deyib:
“Hamı üçün zərurət aradan qalxıb, mənim üçün yox. Əvvəlki baş prokuror Zakir Qaralova da müraciət etmişdim. Kamran Əliyevə də müraciət göndərmişəm. Nəticəsi olmasa başqa çıxış yollarına əl atmalı olacağam”.
Jurnalist əlavə edir ki, bu işlə bağlı şikayəti yerli instansiya məhkəmələrindən keçib.
Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) gedəcək: “Məhkəmə apelyasiyaya qədər getdi, ondan sonrasını vəkil dedi Avropaya aparırıq”.
Baş Prokuroqluqdan məsələyə münasibət öyrənmək olmayıb.
2016-cı ilin əvvəlində Meydan TV-nin rəhbər işçilərinə Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb.
Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır.