Jurnalist: ”İcra başçısı məni işdən çıxartdırdı” (yenilənib)

”İlham Məmmədov məni hədələdi. Bildirdi ki, icra başçısı deyir, elə etməsin onu oradan sürüdərək gətizdirim”

Source:
İlham Məmmədov və Gündüz Məmmədov foto sosial şəbəkə
İlham Məmmədov və Gündüz Məmmədov foto sosial şəbəkə


***


21.15.


İcra başçısı V.İsayev ölkə.az-a açıqlamasında deyib ki, haqqında deyilən fikirlər yalandır:


“Boş-boş fikirlərdir. İcra başçısı jurnalist qovdurandır? Bu barədə məlumatı da bu gün səhər əldə etmişəm. Yəqin ki, o jurnalist rayonla bağlı verdiyi şantaj xarakterli materiala görə işdən çıxarılıb. O iddia edir ki, guya mən onu otağıma çağırmışam və sairə. Bütün bunlar yalan söhbətdir. Mən o jurnalisti tanımıram”.


”İlham Məmmədov məni hədələdi. Bildirdi ki, icra başçısı deyir, elə etməsin onu oradan sürüdərək gətizdirim”

“Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) “Hər gün” İnformasiya Proqramının Qarabağ Bürosunun rəhbəri, jurnalist Gündüz Məmmədov Bərdə Rayon İcra başçısının göstərişi ilə işdən çıxarıldığını deyir. Jurnalist Meydan TV-yə bildirib ki, sentyabrın 21-də Bərdənin Ağalı kəndində pambıq əkən fermerlərlə bağlı telekanalın koordinatorunun tapşırığı ilə mövzu işləyib. O bildirib ki, Bərdə Pambıq Zavodu fermerlərlə pambığın kilosunun 50 qəpikdən alınması ilə bağlı müqavilə bağlayıb. Fermerlər də əkib becərdikləri pambığı aparıb həmin zavoda təhvil veriblər, ancaq pul 50 qəpikdən deyil, 46 qəpikdən verilib. Gündüz Məmmədov fermerlərin şikayətini işıqlandırmağa çalışıb. Üz tutub

“CTS AGRO” MMC-nin tabeliyində olan Pambıq Zavoduna:

“Zavodda mənə təzyiqlər olundu, məni içəri buraxmadılar, mühafizəçilər üzərimə hücum çəkdi. Bütün bu görüntüləri kamera ilə də çəkmişəm və əlimdə videosu var. “CTS AGRO” MMC-nin Azər adlı vəzifəli əməkdaşı isə telefonlarıma cavab vermədi. Sonra Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Məmmədov mənə zəng edib dedi ki, məsələ araşdırılıb, fermerlər yalan danışır. Məndə İlham Məmmədovdan xahiş etdim ki, zavoddan bir nəfər məsul şəxsə deyilsin ki, bu barədə bizim telekanala müsahibə versin. Material birtərəfli efirə getməsin”.

Jurnalist görüntülərin də özündə olduğunu deyir:

“Bundan sonra da icra başçısının müavini İlham Məmmədov mənə zəng edərək dedi ki, dərhal bura gəl, cənab başçı səni otağında gözləyir. Buna etiraz edərək bildirdim ki, mənə icra başçısı ilə görüşmək lazım deyil. Müsahib göndərin, mənə müsahibə versin”.

Jurnalist icra başçısı və onun birinci müavini tərəfindən hədələndiyini söyləyib:

“İlham Məmmədov məni hədələdi. Bildirdi ki, icra başçısı deyir, elə etməsin onu oradan sürüdərək gətizdirim. Təcili bura gəlsin, onunla işim var. Mən də bu sözdən sonra çəkinərək, Bərdə Rayon İcra Hakimiyyətinə getdim. Birinci İlham Məmmədovun otağına getdim, sonra onunla bir yerdə başçının otağına getdim. Otağa girən kimi icra başçısı mənə dedi ki, Vaqif Mustafayevlə də danışmışam, artıq sən bu gündən etibarən işdən azadsan”.

Jurnalist deyir ki, təxminən 20 dəqiqə sonra “Space” TV-nin vitse-prezidenti ona zəng edərək, növbəti gün 09:00-da bütün avadanlığınla şirkətdə olmağını tapşırıb.

“Kamil müəllim mənə bildirdi ki, 10-15 gün sən kənarlaşmalısan. Daha sonra səni yenidən işə çağıracağıq. Dedim, səbəb nədir? Mən özbaşına bu sujeti çəkməmişəm. Cavabında bildirdi ki, guya mən icra başçısından rüşvət almışam. Əgər almışamsa, niyə tərif yox, tənqidi material hazırlayıram? Həmin sujeti mən prezidentin pambıqçılıqla keçirdiyi müşavirədən 3 gün sonra çəkmişdim. Belə başa düşürəm ki, bu Pambıq Zavodu ilə İcra başçısının birgə planladığı işdir. İstəmədilər reportaj efirə getsin, ona görə məni işdən atdılar”.

Gündüz Məmmədov deyir ki, bu böhtanlara dözə bilməyib, özü ərizəsini yazıb, işdən çıxıb. Onun sözlərinə görə, bölgəyə ezam olunduğu vaxt Bərdə Rayon İcra başçısı onu otağına çağıraraq hədələyib.

“İşdən çıxmaq səbəbimi də qəbul etmədilər. İcra başçısı mənə dedi ki, burada “AZTV” və digərləri kimi işləsən, dolanacaqsan. Öz bildiyini edəcəksənsə, problemlərin çox olacaq. Neçə ildir Bərdədə “Pioner düşərgəsi” adlanan məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayıram. Daxmada yaşayıram”.

Jurnalist indi işsizdir. Deyir ki, bu məsələnin sonuna kimi gedib, hüquqlarının tələb edəcək.

Bərdə Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin müdiri İlham Məmmədov AzNews.az-a açıqlamasında bildirib ki, bu məsələnin onlara heç bir aidiyyəti yoxdur: ““Space” müstəqil televiziyadır və onun rəhbərliyi var. Əgər kanal rəhbərliyi kimisə işdən çıxarıbsa, orada icra başçısının rolu olmur. Rayon icra başçısının sözü ilə heç kimi işə götürmürlər ki, onun da sözü ilə işdən uzaqlaşdırsınlar”.

“Space” telekanalından Meydan TV-nin məsələ ilə bağlı sualına cavab vermək istəmədilər

Ana səhifəXəbərlərJurnalist: ”İcra başçısı məni işdən çıxartdırdı” (yenilənib)