Jurnalist Heydər Əliyev Fonduna pul ödəməlidir

Bu yazılarda M.Qurbanova ilə keçmiş Əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərov arasındakı əmlak davasından bəhs olunur.

Source: Foto: Meydan TV


Məhkəmə Anar Məmmədovun üzərinə öhdəlik qoydu

“Criminal.az” saytının rəhbəri Anar Məmmədov Lombard fəaliyyətilə məşğul olan “Məlahət” MMC-nin rəhbəri Məlahət Qurbanova haqqında “lombard Məlahət” ifadəsinə görə Heydər Əliyev Fonduna 200 manat ödəməlidir. İyunun 16-da Ağdam Rayon Məhkəməsində M.Qurbanovanın jurnalistə qarşı iki iddiası üzrə qərarlar verilib.

İddialardan biri xüsusi ittiham qaydasında qaldırılmışdı. M.Qurbanova “criminal.az” saytındakı yazıdakı “Lombard Məlahət kimi tanınır” fikrinə görə jurnalistin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını – həbs olunmasını istəyirdi. Hakim Mahir Niftəliyev jurnalistə 147-ci maddə ilə bəraət versə də, 148-ci maddə ilə təqsirli hesab edib. A.Məmmədov aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla, 1 il islah işləri cəzasına məhkum edilib.

M.Qurbanova mülki qaydada qaldırdığı digər iddiasında isə “lombard Məlahət” ifadəsilə şərəf və ləyaqətinə zərbə dəydiyini bildirərək, buna görə jurnalistdən 100 min manat təzminat tələb edirdi. Deyirdi ki, bu pulu Heydər Əliyev Fonduna köçürəcək. Hakim təzminatın 200 manat olmasına və bu vəsaitin Heydər Əliyev Fonduna köçürülməsinə qərar verib.

A.Məmmədov rəhbərlik etdiyi saytda yayımlanan “Keçmiş nazir “Lombard Məlahət”i məhkəməyə verdi: “Torpaqlarımı boşalt…” və “Lombard Məlahət”lə sabiq nazirin davası: “Rolls-Royce” mərkəzinin zirzəmisini bölə bilmirlər” başlıqlı iki məqaləyə görə məhkəməyə verilib. Bu yazılarda M.Qurbanova ilə keçmiş Əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərov arasındakı əmlak davasından bəhs olunur. Mübahisəli əmlak isə Bakının mərkəzində yerləşən qeyri-yaşayış sahəsidir.

A.Məmmədov həm islah işlərinə məhkum edilməsi barədə hökmdən, həm də 200 manat cərimələnməsi barədə qərardan apelyasiya şikayəti verəcək. Jurnalist “Lombard Məlahət” ifadəsinin təhqir hesab edilməsinin absurd olduğunu deyir: “Adamları bir çox halda iş yerlərinə, peşələrinə görə təqdim edirlər. Mobil telefonlarda nömrə sahiblərini müəyyənləşdirən proqramla da araşdırılsa, görünər ki, Məlahət Qurbanovanı tanıyanların çoxu mobil telefonunda onun adını “Lombard Məlahət” kimi yazıb. Adam bir tərəfdən lombard fəaliyyətilə məşğul olur, digər tərəfdən də bunu özünə təhqir sayır”.

A.Məmmədov 2018-ci ilin iyulunda Gəncədə icra başçısı Elmar Vəliyevin güllələnməsinin səbəbləri, onun vəzifədə olarkən əhaliyə qarşı davranışları haqda yazılarına görə barəsində cinayət işi başlanmışdı. O, 2019-cu ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay şərti cəzaya məhkum edilmişdi.

A.Məmmədov özünü təqsirli bilmir və jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.

Ana səhifəSiyasətJurnalist Heydər Əliyev Fonduna pul ödəməlidir