İstintaq xəbəri mediaya ötürən mənbə ilə maraqlanıb
Avqustun 26-da “Bizim Yol” qəzetinin əməkdaşı Gülər Mehdizadə Bakı şəhər Prokurorluğunda dindirilib. Jurnalistin Meydan TV-yə verdiyi məlumata görə, o, 7 saylı xüsusi tipli internat məktəbində təzyiqə məruz qalan 8 yaşlı Nahid Cavadovun döyülməsi iddiası ilə bağlı başlamış cinayət işi üzrə istintaqa cəlb edilib. “Mən baş verən hadisəni mətbuatda ilk işıqlandıran jurnalistəm. Ona görə də xəbəri ötürən mənbəni soruşdular. Mən də dedim ki, “KİV haqqında” qanunla bunu açıqlamaya bilərəm və açıqlamadım. Digər sualları da cavablandırdım. Ancaq istintaq sirrinin yayılmaması ilə bağlı iltizama qol çəkdiyimdən bundan artıq danışa bilmərəm. Belə başa düşdüm ki, onlara əsas mənbənin kimliyi lazımdır. Dedilər ki, ola bilsin məni yenidən istintaqa çağırsınlar”.