Jurnalist Əziz Orucov azadlığa buraxılıb

Vəkil: “Ali Məhkəmə Əziz Orucov barəsindəki hökmü dəyişib”

Source:

“Kanal 13” internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucov azadlığa buraxılıb. Bu barədə qərarı Ali Məhkəmə aprelin 5-də çıxarıb.

Əziz Orucovun vəkili Bəhruz Bayramov Meydan TV-yə bildirib ki, Ali Məhkəmə Ə.Orucovun işində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq) maddəsi üzrə xitam qərarı verib. CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddəsi ilə verilən ittiham həmin maddənin birinci bəndinə tövsif olunub və bu ittiham üzrə 3 il cəza kəsilib. Ali Məhkəmə jurnalistə münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Nəticədə Əziz Orucovun şərti cəza ilə həbsdən buraxılmasına qərar verilib:

“Bir sözlə, məhkəmə jurnalistin ittiham olunduğu 308-ci maddə üzrə şərti cəza hökmü çıxarıb və sınaq müddəti təyin edib”.

Ə.Orucovun həyat yoldaşı Lamiyə Orucova onun səhhətindəki problemlərlə əlaqədar bir neçə gün öncə cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə köçürüldüyünü bildirmişdi.

Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

Ə.Orucov ittihamların saxta, özünün də təqsirsiz olduğunu deyir.

Jurnalistin Almaniyada mühacir həyatı yaşayan qardaşı Anar Orucov deyir ki, onun tənqidçi fəaliyyətinə görə Ə.Orucovu cəzalandırıblar. Ancaq rəsmilər ölkədə insanların qohumlarına və ya peşə fəaliyyətinə görə cəzalandırılmadığını, bütün fundamental azadlıqların qorunduğunu iddia edirlər.

Ana səhifəXəbərlərJurnalist Əziz Orucov azadlığa buraxılıb