Jurnalist Əfqan Sadıqov 270 min lari cərimələnib

Əfqan Sadıqov. Foto: Sevinc Sadıqovanın Facebook səhifəsi

Gürcüstanda yenidən saxlanılan azərbaycanlı jurnalist Əfqan Sadıqov 270 min lari cərimələnib. 

Bu bardə jurnalistin vəkili Ayhan Həsənli özünün Facebook hesabında yazıb:

“Bu gün Marneuli təcridxanasında Əfqan Sadıqovu ziyarət etdim. <…> O, artıq məhkəmə qərarını alıb. Əfqan Sadıqov yolu bağladığına görə 54 dəfə cərimə olunub, ümumi məbləği 270.000 lari (hər iş üçün 5000 lari)”.

Əfqan Sadıqovun həyat yoldaşı da Facebook-da vəkilin sözlərini təsdiqləyərək, qeyd edib ki, jurnalistə saxlandığı təcridxanada ailəsi ilə əlaqə saxlaya bilməməsinin səbəbi kimi Fransaya telefon zəngi etməyin mümkün olmaması ilə izah ediblər.

“Gürcüstan Ədliyyə Nazirliyinin diqqətinə çatdırmaq istəyirəm ki, mənim Gürcüstan nömrəm mövcuddur. Buna görə də, əlaqə ilə bağlı qanunsuz məhdudiyyətlər və əsassız bəhanələr qəbulolunmazdır”, – deyə, Sadıqova qeyd edib.

Hazırda Marleuli təcridxanasında saxlanılan jurnalist Əfqan Sadıqov oktyabrın 23-də Tbilisidə 14 sutkalıq azadlıqdan məhrum edilib. O, “qanunsuz olaraq yol bağlamaqda” ittiham olunur.

Sadıqov ilk dəfə 2016-cı il noyabrın 22-də isə Azərbaycanda saxlanmışdı. Ona Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2017-ci il yanvarın 12-də Cəlilabad rayon Məhkəməsi onu 2 il yarım müddətinə azadlıqdan məhrum etmişdi. Həmin ilin noyabrında isə Ali Məhkəmə Ə.Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaltmışdı. O, 2018-ci il mayın 23-də azadlığa çıxıb. 

Bundan sonra 2020-ci il mayın 13-də  Əfqan Sadıqov yenidən saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.TV saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq 7 il müddətinə azadlıqdan məhrum edib. 2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqovun barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib. O, 2022-ci ildə əfv sərəncamı ilə azad olunub.

2023-cü ildə Sadıqov Gürcüstana köçüb, 2024-cü ilin avqustunda isə Azərbaycan hakimiyyətinin sorğusu əsasında ekstradisiya məqsədilə orada saxlanılıb. Jurnalist Azərbaycan Cinayət Məcəlləsinin 188.2.2-ci və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətdə – “hədə-qorxu ilə tələb etmə, tanımadığı şəxsin külli miqdarda əmlakını ələ keçirmə, təhqiredici məlumat yaymaqla hədələmə”də ittiham olunub.2025-ci il fevralın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi Əfqan Sadıqovun işi ilə bağlı qərar verərək, “məsələnin mahiyyəti AİHM tərəfindən araşdırılıb başa çatana qədər” onun Azərbaycana ekstradisiyasını qadağan etmişdi.

Aprelin 16-da təqribən 8 aylıq həbsdən sonra məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Məhkəmə onu 5 min lari (3 min manat) məbləğində girov qarşılığında azadlığa buraxmışdı.
Ana səhifəXəbərlərJurnalist Əfqan Sadıqov 270 min lari cərimələnib