Jurnalist Əfqan Muxtarlının məhkəməsi noyabrın 30-da keçiriləcək (yenilənib)

Gələn ay Balakəndə jurnalistin məhkəməsi başlayacaq

Source:
Əfqan Muxtarlıya Tbilisidəki dəstək aksiyasından (Foto: REUTERS/David Mdzinarishvili)
Əfqan Muxtarlıya Tbilisidəki dəstək aksiyasından (Foto: REUTERS/David Mdzinarishvili)


Vəkil Elçin Sadıqov bildirib ki, Əfqan Muxtarlının məhkəməsi noyabrın 30-da keçiriləcək:


“Prosesin vaxtını öyrənməyə çalışdım. Mənə məhkəmənin vaxtı barədə məlumat vermədilər. Məhkəmənin sədri Səlimov Hümbət Qamuna oğluna zəng etdim və çalışdım ki, məhkəmənin vaxtını öyrənim. Bildirdi ki, məhkəmə 30 noyabr 2017-ci il tarixə təyin edilib. Bu barədə bildiriş göndərildiyini dedi. Amma məhkəmənin saatını demədi, məsləhət gördü ki, bir də onun mobil telefonuna zəng etməyim”.


***

Jurnalist Əfqan Muxtarlı bu həftə Şəkidəki təcridxanaya etap ediləcək.

Ancaq jurnalistin məhkəməsinin vaxtı vəkillərə də məlum deyil.

Bu barədə Meydan TV-yə vəkil Osman Kazımov məlumat verib.

Vəkil jurnalistin məhkəmə prosesinin Balakən Rayon Məhkəməsində  keçiriləcəyini deyib.

“Qaydaya görə məhbus prosesi keçiriləcək ərazinin İstintaq Təcridxanasında saxlanılmalıdır”.

Noyabrın 18-də jurnalistə bir qrup yaxınına görüşmək icazəsi verilməyib.

Vətəndaş Həmrəyliyi Partiyasının funksioneri Samir Əsədlinin bildirdiyinə görə, Əfqan Muxtarlının dostlarını onunla görüşə buraxmayıblar.

“Həmişəki kimi təcridxanada ənənəyə sadiq qaldılar, bizə görüş vermədilər. İndiyədək yalnız bir dəfə, ötən həftə Əfqanla görüşə bilmişik. Bizə bildirdilər ki, Əfqan Muxtarlı gələn həftənin ilk günü Şəkidəki təcridxanaya etap ediləcək. Gələn ay isə Balakən Rayon Məhkəməsində ona açılmış cinayət işi üzrə məhkəmə prosesi başlayacaq”.

Gənclərin jurnalistlə görüşə bilməmələri ilə bağlı dediklərinə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Gənclərin dediklərinə görə, onlar Əfqan Muxtarlı ilə görüşmələrindən ötrü onun ailəsindən də etibarnamə alıblar. Ancaq əksər hallarda jurnalistlə görüşə icazə ala bilmirlər.

Jurnalist Ə.Muxtarlı mayın 29-da yaşadığı Tbilisi şəhərində yoxa çıxıb, səhərisi gün müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Ə.Muxtarlının dediyinə görə, Tbilisidə evinə gedərkən saxlanıb, zorla maşına mindirilərək sərhədə gətirilib. Orada isə Azərbaycana təhvil verilib. Həmçinin həbsinə əsas yaratmaq üçün sərhəddə cibinə 10 min avro da qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə) ittiham olunur. Bundan başqa, ona – sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq maddələri ilə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Daha sonra onun həbs müddəti artırılıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifidir.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

Əfqan Muxtarlının işi istintaqın gedişi zamanı Meydan TV-nin fəaliyyəti ilə bağlı açılmış cinayət işinə birləşdirilsə də, sonradan ayrılıb.

Ana səhifəXəbərlərJurnalist Əfqan Muxtarlının məhkəməsi noyabrın 30-da keçiriləcək (yenilənib)