Fikrət Fərəməzoğlu həbsdən yazır
“Həbsimin sifariş əsasında və siyasi əsaslarla olduğu zaman içində ortaya çıxır. “Bandotdel” rəhbərliyi himayə etdiyi əxlaqsızlıq yuvaları və qumarxanaların ifşa olduğunu görüb, habelə polis özbaşınalığı barədə mütəmadi yazılar dərc etdiyimdən əndişələnərək məni həbs etdi”, – jurnalist Fikrət Fərəməzoğlu həbsdən yazığı məktubunda belə deyir.
O yazır ki, “Bandotdel” rəhbərliyi bir neçə media işçisinin yalan malumatına əsaslanaraq MTN-in iş adamları, habelə digər şəxslərlə bağlı şantaj videolarının bir qisminin onda olduğunu söyləyib:
“Bu yaxınlarda mənə məlum olub ki, “Bandotdel”in əməliyatçıları həm evimdə, həm də maşınımda hansısa görüntülərin olduğu yaddaş kartı və CD-ləri axtarıb. Hətta evimdə və maşınımda olan bütün CD-ləri özləri ilə götürüblər. Ancaq götürülən əşyaların heç biri haqqında istintaq materiallarında məlumat verilməyib”.
F. Fərəməzoğlu bildirir ki, hələ həbsinin ilk günlərində həm əməliyyatçılar, həm də müstəntiq ondan hansısa görüntülər barəsində israrla şoruşurmuş:
“Həmin vaxt onların nə axtardıqları və nə istədiklərini anlamırdım. Bunu açıq demirdilər. Evimdən və maşınımdan götürülən CD-lərdə və kompüterimdən heç nə tapmayıb pərt olmuşdular. Ona görə ki, əllərinə çatan “qənimət”in içində uşaqlarımın bağça şəkilləri, toy görüntülərindən başqa heç nə yox idi”.
Jurnalist deyib ki “Bondotdel”in axtardığı görüntüləri bir qismi DTX-in keçirtdiyi uğurlu əməliyyat zamanı yaxalanmış reket jurnalistlərin kompüterindən və ofisindən çıxıb. Bu da onları bərk pəjmürdə edib:
“DTX-in əməliyyatından sonra “Bondotdelin” nəinki əməliyyatçıları, hətta rəhbərliyi şok vəziyyətində idi. Çünki axtardıqları, həm məndən çıxmamışdı, həm də yuxarıları aldadıb, yalan məlumat vermələri məlum olmuşdu. Ən əsası isə həmin görüntülər rəqib əlinə keçmişdi. Bunu dolayısı ilə özləri də etiraf edirdilər. Ona görə də mənim həbsimi ört- basdır etmək üçün özlərinin ən həyasız üzəduranlarının xidmətlərindən istifadə etdilər”.
Fiktət Fəraməzoğlu vurğulayıb ki, onda nəinki MTN-ə aid, başqa hər hansı şantaj xarakterli görüntülər olmayıb. Bunun olması mümkün deyil:
“Mənim MTN-lə yaxından uzaqdan heç bir əlaqəm olmayıb. Əksinə, hələ 2008-ci ildə MTN rəhbərliyi qəzetimi əlimdən alıb, özümü 3 gün həbsdə saxlayıb.Eyni zamanda, MTN-i ən çox tənqid edən və onun qeyri-qanuni fəaliyyətlə məşğul olduğunu ifşa edən az sayda jurnalistlərdən biriyəm. Bunu müəyyənləşdirmək çətin deyil. Rəhbəri olduğum sayta baxmaq kifayətdir. Digər tərəfdən, MTN şantaj videolarının Habil və Surxay dəstəsinin kabinetindən və ya kompüterindən aşkarlandığı bəllidir. Belə olan təqdirdə bu cür sərsəm ittihamla həbsimi reallaşdırmaq özü biabirçılıq,qeyri-peşəkarlıq və savadsızlıqdır”.
Həbsdə olan baş redaktor deyir ki, DİN MTN-in şantaj videolarını uzaqda aramasın. Buna “Bondotdel”dən başlasınlar:
“Əminliklə deyirəm ki, əgər sözügedən idarənin rəhbərliyini yaxşıca sıxışdıra bilsələr, o videoların bəzilərinin yerini və kimlər tərəfdən çəkildiyini aşkarlaya bilərlər. Bu iddiam əsassız deyil”.
Fikrət Fəraməzoğlu sonda “Bondotdel”in onun evindən və maşınından götürdüklərini geri qaytarmasını tələb edir:
“Əməliyyatçıların evimdən və maşınımdan götürdükləri uşaqlarımın şənlik, bizim toy görüntüləridir. Övladlarımın cizgi filmlərə baxmaları üçün 90 manat verib aldığım monitoru da geri qaytarsınlar”.