Jurnalist ”Bakcell”i məhkəməyə verir

“Vətəndaşların cibinə girir, qanunları pozurlar”

Source:
Elkin Xəlilov
Elkin Xəlilov


“Vətəndaşların cibinə girir, qanunları pozurlar”

““Bakcell” şirkəti xəbərim olmadan məni “SimToday” paketinə qoşub. Bir həftə olar. Bununla bağlı mənə bildiriş gəlməyib. Həmçinin gün ərzində neçə qəpik konturun çıxılması barədə də məlumatlandırılmamışam. Bir də baxdım ki, konturum bitib”, – jurnalist Elkin Xəlilov belə deyir.

Jurnalist bildirir ki, yaranan problemlə bağlı “Bakcell”in 555 məlumat bürosuna zəng də edib. Ancaq lazım olan cavabı ala bilməyib:

“Xanım operatora şikayətimi dedim. Hüququmun pozulduğunu bildirdim. Xəbərim olmadan konturumun oğurlandığını söylədim. Məni bu paketdən çıxarmalarını istədim. O isə “bu, bizlik deyil. Sizə sms göndərəcəyəm. Həmin nömrəyə zəng edin, şikayətinizi deyin”, – cavabını verdi. Təssəvvür edirsiniz? Konturum oğurlanır, xəbərim olmur, zəng edirəm, amma kömək əvəzinə belə bir cavab alıram”.

Elkin Xəlilov əmindir ki, onun kimi yüzlərlə adam bu problemdən əziyyət çəkir. Hətta çoxunun konturunun çıxıldığından xəbəri belə yoxdur:

“Və xidmətin baha olması bir yana, “Bakcell” və onunla ortaq olan şirkət belə xuliqanlıq edir. Vətəndaşların cibinə girir. Qanunları pozur”.

Jurnalist məhkəməyə müraciət edəcəyini deyir. İlk olaraq yerli məhkəməyə, hüquqları tanınmasa Avropa Məhkəməsinə:

“Düzdür, qərar 1-2 ilə çıxmayacaq, amma mütləq olacaq. Nəticədə pozulmuş hüquqlarımızı bərpa edəcəyik. Həmçinin dəymiş maddi və mənəvi ziyana görə, təzminat da alacağıq. Bu işi bitirməyin, quldurluğu dayandırmağın zamanıdır!”

11 iyul Azərbaycan prezidenti İlham Əliyev “Telekommunikasiya haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Həmin maddəyə əsasən, Operator və provayder reklamverici ilə bağlanılan müqavilə əsasında reklam yayımlaya bilər:

“Operator və provayder abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda, fərdi qaydada yayımlaya bilər. Operator və provayder abunəçiyə reklam göndərilməsindən istənilən vaxt imtina etmək və ya abunəçinin yalnız arzuladığı reklamı yayımlamaq üçün imkan yaratmalıdır. Abunəçinin razılığı olmadan və ya “Reklam haqqında” qanunun müddəalarına zidd olan reklamın göndərilməsi üçün operator və provayder məsuliyyət daşıyır”.

Məsələyə münasibət bildirən “Bakcell” MMC şirkətlə əvvəlcədən imzalanan müqavilələr əsasında, provayderlərə dördrəqəmli qısa nömrələr təqdim edildiyini, həmin nömrələr vasitəsilə provayderlərin abunəçilərə ayrı-ayrı xidmətlər təqdim etdiyini deyib:

“Bununla bağlı müxtəlif SMS-lər göndərirlər. Qeyd etmək istəyirik ki, şirkətimiz provayderlər tərəfindən abunəçilərin müxtəlif xidmətlərə qoşulması, bu xidmətlərin göstərilməsi, habelə göndərilən SMS-lərlə bağlı yol verdiyi hər hansı pozuntulara görə məsuliyyət daşımır”.

Ana səhifəXəbərlərJurnalist ”Bakcell”i məhkəməyə verir