Jurnalist Aytən Məmmədovaya yaşadığı binanın liftində bıçaqla hücum olub. Mayın 8-də saat 12 radələrində binanın blokuna girərkən naməlum şəxs arxasınca gəlib və liftdə boğazına xəsarət yetirib. Aytən Məmmədova deyir ki, şəxs onu qızı ilə hədələyib, məhkəmə yazılarını dayandırmağını tələb edib.
Məhkəmə çəkişmələrini işıqlandıran junalist deyir ki, 20 gün öncə evlərinə eyni məzmunda təhdid edən zəng daxil olub. Jurnalist hücumun hazırda məhkəmədə araşdırılan, 10 yaşlı Nərmin Quliyevanın qətli işi ilə bağlı ola biləcəyini düşünür.
Jurnalist Daxili İşlər Nazirliyinə məlumat verib, ondan hadisə ilə bağlı izahat alınıb. Nazirlik məsələ ilə bağlı araşdırma getdiyini bildirib.