Jozep Borrel: “Rusiya müharibəni uduzur”

Josep Borrel. Foto: “European Parliament”

“Ukraynaya dəstəyi davam etdirməliyik”

“Rusiya müharibəni uduzur. Bununla belə Ukraynaya dəstəyin davam etdirilməsi vacibdir”.

Bu fikiri Avropa İttifaqının xarici işlər naziri Jozep Borrel səsləndirib.

Nazir müharibənin nəticələrinə də toxunub:

“Müharibənin sosial-iqtisadi nəticələri bütün dünyada davam edir. Rusiya getdikcə təcrid olunur, son günlər bunu BMT-də də müşahidə edirik. Mənəvi, siyasi, hətta hərbi baxımdan da Rusiya bu müharibəni uduzur. Biz Ukraynanı gələcəkdə də dəstəkləməliyik”.

Borrel oktyabrın 14-də xarici işlər nazirlərinin Ukrayna hərbçiləri üçün yeni təlim missiyasının yaradılması barədə qərar qəbul edəcəyinə ümid edir.

Onun sözlərinə görə, nazirlər Ukraynaya hücumlar üçün Rusiyanı hərbi pilotsuz təyyarələrlə təchiz edən İrana qarşı mümkün sanksiyaları da müzakirə edəcəklər.

“Biz İranın iştirakına dair konkret sübutları nəzərdən keçirəcəyik. Bunu Tehran qəti şəkildə təkzib edir. Amma bugünkü sanksiyalar etirazçılara qarşı repressiyalarla bağlı olacaq”, – deyə Borrel əlavə edib.

Oktyabrın 17-də keçiriləcək iclasda Avropa İttifaqının xarici işlər nazirləri Ukrayna üçün hərbi təlim missiyasının yaradılması qərarını təsdiq etməlidir.

Bununla da Ukrayna ordusunu təchiz etmək üçün əlavə 500 milyon avro ayırılmalıdır.

Fransa Avropa İttifaqının yeni birgə təlim missiyası çərçivəsində 2000-ə qədər ukraynalı hərbçini təlim üçün qəbul edəcəyini açıqlayıb.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaJozep Borrel: “Rusiya müharibəni uduzur”