Jozefin Batler – seksist qanunların ləğvinə nail olan feminist qadın

Bu məqsədlə Jozefin xarici işlər nazirinə ünvanlanmış petisiya təşkil edir, o dövrün tanınmış qadınarı da daxil olmaqla, bu petisiyanı 1000 qadın imzalayır.

Source: meydan.tv


(üçüncü hissə)

1874-cü ildə keçirilən seçkilərdə mühafizəkarlar qalib gəlir, Milli Assosiasiyanın parlamentdəki təmsilçisi bu seçkidə mandat qazana bilmir. Təbliğat kampaniyasının indi daha çox maneəylə rastlaşacağını bilən, vəziyyəti “işimizdə dərin depressiya” kimi qiymətləndirən Jozefin buna çox kədərlənir, liberallarla çoxillik əməkdaşlıqlarının boşa getdiyini düşünür.

Bir neçə ay sonra CDA-ya qarşı çıxan müxtəlif birliklərin nümayəndələri Yorkda toplaşırlar. Rahib K.S.Kollinqvud hərarətli bir çıxış edib bu problemin yalnız Britaniyaya aid olmadığını deyir və Avropa miqyasında hərəkat yaratmağı təklif edir. Bununla əlaqədar missis Batler ilin sonunda Fransa, İtaliya və İsveçrəyə 3 aylıq səfərə yola düşür. Batlerlərin maddi durumu çox da ürəkaçan olmadığına görə səfər tərəfdarların kiçik ianələri hesabına reallaşır. Jozefin ucuz otellərdə qalır, həmin il çox soyuq keçən qış onun əziyyətlərini daha da artırır.

Fransada daim polis nəzarəti altında olmasına baxmayaraq Josefin həm fahişəxanaları, həm də həbsxanaları və qadın sığınacaqlarını ziyarət edə bilir. Parisdə fahişəlikdən xilas edilmiş 400 qadının, o cümlədən, 5-11 yaş arası qızların saxlandığı sığınacağa baş çəkən missis Batler hökumət nümayəndələrindən biriylə görüşdə azyaşlıların cinsi istismara cəlb edilməsi problemindən danışır, məmur “Kişilər müxtəliflik xoşlayır” deyə cavab verir…

Jasmin İsveçrədə də eyni mənzərəylə rastlaşır, hətta qadınlara münasibətin burda daha qəddar olduğunu müşahidə edir.

Hər üç ölkədə çoxsaylı müzakirələr təşkil edən bu cəsur qadın Parisdəki görüşlərdən birini sonralar belə xatırlayacaqdı:

“Bir kişi ayağa qalxıb dedi ki, burda söylənənlərin heç biri doğru deyil. Ancaq qadınlar ona çox danışmağa imkan vermədilər, əvvəl nisbətən yavaş səslə, sonra da ucadan narazılıqlarını bildirməyə başladılar. Onların etirazı, doğru qənaətləri və sərt sualları məni sevindirdi”.

Jozefin Batler İngiltərəyə qayıdandan az sonra Beynəlxalq Federasiya yaradılır və qurumun ilk yığıncağı keçirilir (mart, 1875).

****

1870-ci illərin ikinci yarısı hərəkatda durğunluqla müşahidə olunur. Kampaniyanın və üzərinə olan hücumların stresinə görə də səhhətində problemlər yaranmış; üstəlik, hərəkatdakı parçalanma və dezertirlik hallarının da həyəcanını yaşayan Jozefin o illərdə çox tez-tez xəstələnir.

Əslində, onunla LNA arasındakı çat xeyli əvvəl yaranmışdı – Jozefin mərhum Ceyn Mersinin yetim uşaqlarına yardım üçün toplanmış ianənin çox hissəsinin assosiasiyanın ehtiyaclarına xərcləndiyini biləndə. Təşkilatın qapalı xarakteri, fəhlə kişilərin öz şöbələrini yaratmaq fikrinə qarşı çıxması da bu çatı dərinləşdirən səbəblərdəniydi, çünki Jozefin cinsindən, irqindən, mədəniyyətindən və milliyyətindən asılı olmayaraq hər kəslə əməkdaşlıq etməyin tərəfdarıydı.

Missis Batlerlə Beynəlxalq Federasiyanın bəzi üzvləri arasında da fikir ayrılığı olmuşdu. Qurumun Konqresində (1877) müzakirəyə çıxarılmış “fahişəliyin qadağan olunması” ideyasına kəskin etiraz edən Jozefin bildirmişdi ki, bu, polisin qadınlar üzərindəki hakimiyyətini, basqı və zorakılıq imkanlarını daha da artıracaq.

Jozefinin xüsusi diqqət yetirdiyi və qarşısını almaq üçün mübarizə apardığı problemlərdən biri də azyaşlıların cinsi istismara məruz qalması və beynəlxalq miqyaslı fahişəliyə cəlb olunmasıydı.

“Qurbanlar nə qədər gənc, zərif, məsum və köməksizdirlərsə, onların qiyməti bir o qədər baha olur” deyən missis Batler London küçələrindən oğurlanıb Avropa ölkələrindəki fahişəxanalara satılan qızcığazları qadın alverçilərindən xilas etmək istəyirdi.

Bu məqsədlə Jozefin xarici işlər nazirinə ünvanlanmış petisiya təşkil edir, o dövrün tanınmış qadınarı da daxil olmaqla, bu petisiyanı 1000 qadın imzalayır.

Bundan sonra Lordlar Palatasının xüsusi komitəsi məsələni araşdırmağa başlayır və 1882-ci ilin yayında öz qənaətini açıqlayaraq cinsi əlaqəyə razılıq yaşının 16-ya qaldırılması və bir neçə başqa dəyişiklik təklifiylə çıxış edir. Ancaq İcmalar Palatasının tamamilə kişilərdən olan tərkibi layihəni rədd edir.

****

Corc Batler təqaüdə çıxandan sonra ailənin maddi vəziyyəti daha da pisləşir. Gəlirlərinin əhəmiyyətli hissəsini Jozefinin kampaniyalarına və “İstirahət evi” layihəsinə xərcləyən Batlerlərin “sandıqda” da pulları olmur. Arvadını və CDA-ya qarşı kampaniyaları dəstəklədiyinə görə mister Batlerə başqa iş də (hər hansı kilsədə və ya akademik dairələrdə) təklif edilmir.

Xoşbəxtlikdən bir müddət sonra Vinçesterdə Corca kanonik rütbə təklifi gəlir və ailə yığışıb ora köçür.

CDA-nın ləğvi istiqamətində mübarizəsini davam etdirən Jozefin günlərin birində İcmalar Palatasında bu qanunun zərərlərini araşdırmaq üçün yaradılmış (1880) xüsusi komitəyə dəvət olunur. Deputatlar bir neçə il qarnizon şəhərlərini gəzməsinin heç bir sübutu olmadığını əsas gətirərək onun dediklərini fakt kimi qəbul etmirlər. Bundan sonra komitə CDA-nın ləğvini təqdir etmədiyini açıqlayır.

Ancaq missis Batler ruhdan düşmür, parlamentə təsir etmək üçün o da bir komitə yaradır və nəhayət, 1883-cü ildə deputatlar Çarlz Hopvud, Ceyms Stensfeldin səyləri və Jozefinin özünün Palataya gedib deputatlar arasında təbliğat aparması sayəsində qadınların məcburi müayinəyə cəlb olunması qaydası ləğv edilir.

Bu, çox böyük qələbəydi, həm də təkcə Jozefin və həmkarları üçün yox, bütövlükdə ölkə üçün. Amma qadınların qoruyucu mələyi missis Batler Londondan Vinçesterə qaydanda fahişəxana sahibləri onu alqışlarla yox, böyük qəzəblə qarşılaşacaqdılar…

Sonrakı mərhələdə Jozefin yenidən uşaq fahişəliyinə qarşı mübarizəyə fokuslanır, “

The Pall Mall Gazette”

nəşrinin redaktoru Uilyam Stedə əməkdaşlıq təklif edərək onu Vinçesterdə – öz acı keçmişindən uzaqda yaşayan Rebekka Carrettlə tanış edir. Sted vaxtilə (12 yaşı olanda) anası tərəfindən küçəyə atılmış bu qızın vasitəçiliyilə 13 yaşlı bir qızı anasından satın alır. Anayla razılaşmada qızın müayinə olunması, ona narkotik verilməsi və zorlanması şərtləri də vardı (Sted bunların heç birini etməmiş, Parisdə qoruyucu ailənin evində iş təşkil edib qızcığazı ora göndərmişdi).

Tezliklə Sted qəzetdə ard-arda bir neçə ifşaedici məqalə dərc edir. Yazılanlardan qəzəblənən fəhlələr çoxminlik mitinqlər keçirərək yoxsulların uşaqlarına münasibətin dəyişməsini və cinsi əlaqəyə icazə yaşının 21-ə qaldırılmasını tələb edirlər. Bundan qorxuya düşən deputatlar Cinayət Məcəlləsinə daha əvvəl (may, 1885) rədd etdikləri dəyişiklikləri ikinci oxunuşda qəbul edirlər. Avqust ayında qüvvəyə minən bu qanun cinsi əlaqəyə razılıq yaşını 13-dən 16-ya qaldırır; uşaqların fahişəliyə cəlb edilməsinə və oğurlanmasına görə cəzaları sərtləşdirir, fahişəxanalarla bağlı prosedurları yüngülləşdirir. Bu, kiçik də olsa, irəliləyiş idi.

Bu irəliləyiş qadın alverçilərini, aradüzəldənləri qəzəbləndirir, onlar Vinçesterə gəlib Rebekkanı təqib etməyə və hədələməyə başlayırlar. Bir neçə həftə sonra ona və Stedə qarşı uşaq oğruluğuyla bağlı ittiham irəli sürülür, Rebekkaya 6, jurnalistə isə cəmi 3 aylıq həbs cəzası kəsilir (sonra da 2 aya endirilir). Qadın-kişi ayrı-seçkiliyi bu məsələdə də özünü çox aydın büruzə verir – Stedi xalça döşənmiş, kitablarla təmin olunmuş isti kameraya, Rebekkanı isə soyuq və daş kameraya yerləşdirirlər.

1886-cı ildə CDA birdəfəlik ləğv olunur – bu qanuna qarşı kampaniya başlayandan 16 il sonra. Uilyam Stedin məqalələri sayəsində aktivləşmiş ictimai reaksiyanın da bu işə köməyi dəyir.

Cinayət Məcəlləsinə düzəlişlərdən sonra fahişəxanaların qadağan edilməsini tələb edən Ağ Xaç Ordusu kimi “təmiz cəmiyyətlər” yaranmağa başlayır. Belə cəmiyyətlərə əxlaqsız ədəbiyyat nümunələrini müəyyənləşdirmək və məhv etmək, doğuşa nəzarətlə bağlı məlumatlara və əyləncə mərkəzlərinə nəzarət etmək səlahiyyətləri verilir. Missis Batler cəmiyyəti bu cür “təmizlik” təşkilatlarına münasibətdə ehtiyatlı olmağa çağırır, “İnsanları zor gücünə əxlaqlı etməyə və bununla da sosial təmizliyə nail olmağa inanmaq axmaqlıqdır” deyir. Onun xəbərdarlığını ciddiyə almayan digər sufrajist qadınlar feminist hərəkatında iştiraka davam etməklə yanaşı, “təmizlik cəmiyyətlərində” də çalışırlar.

****

CDA-nın ləğvindən sonra Jozefin Britaniya krallığının digər ərazilərində – Hindistanda və digər müstəmləkələrdə tətbiq edilən analoji qanunların ləğvinə nail olmağı təklif edir.

Ancaq səhhəti zəif olduğuna görə özü Hindistana gedə bilmir, Alferd Dayer və arvadı ora yollanır. Dayerin araşdırmaları bu ölkədə də vəziyyətin acınacaqlı olduğunu üzə çıxarır – məlum olur ki, Hindistan hökuməti Britaniya ordusunu böyük həvəslə və mütəmadi olaraq gənc və gözəl qızlarla təmin edir. Hökumət əvvəl bunu inkar etsə də, sonradan razılaşmaq məcburiyyətində qalır.

Az sonra Vestminster parlamenti Hindistanda CDA-nın ləğv olunması təklifini qəbul edir, Hindistanın müstəmləkə hökuməti buna qanunun fəaliyyət müddətini uzatmaqla cavab verir.

1991-ci ildə Jozefin iki amerikalıya – doktor Keyt Buşnell və Elizabet Endryusa Hindistana gedib ordakı vəziyyətlə bağlı sübutlar toplamağa yardım edir. Toplanmış ciddi məlumat bazası və sonrakı cəhdlər sayəsində məcburi müayinə qaydası, nəhayət, Hindistanda da ləğv olunur (1895).

****

1880-ci illərin sonlarından etibarən səhhəti pisləşən, 1889-cu ildəki pandemiya zamanı virusa yoluxan Corc Batler bir il sonra vəfat edir. Ərinə qulluq edə bilmək üçün işlərinin böyük hissəsindən çəkilən Jozefin onun ölümündən (1890) sonra daha sakit yaşamağa başlayır. Corcun həyatından bəhs edən; qismən öz bioqrafiyasını da əhatə edən “Böyük səlib yürüşü haqqında şəxsi xatirələr” əsərini yazır, 1901-ci ildən etibarənsə bütün postlarını tədricən başqaların təhvil verərək övladları və nəvələriylə daha çox vaxt keçirməyə başlayır.

1894-cü ildə ingiltərəli rəssam Corc Frederik Uotts bir rəsm əsəsri çəkərək “əsrin taleyini həll edənləri” eyni tabloya yığır, onların arasında yeganə qadın miss Batler olur.

1906-cı ilin dekabr ayıının 30-da Jozefin Batler vəfat edir. Bütün milli qəzetlər nekroloq dərc edərək bu cəsur qadının ölkəsi və həmcinsləri naminə əldə etdiyi nailiyyətlərdən, öz aktivliyi və prinsipiallığı sayəsində tarixin gedişini dəyişməsindən yazırlar…

Ana səhifəXəbərlərJozefin Batler – seksist qanunların ləğvinə nail olan feminist qadın