Jozefin Batler –seksist qanunlara qarşı mübarizə aparan feminist qadın

Bu nəticənin əldə olunması, heç şübhəsiz, həm də Jozefin Batlerin xidmətiydi.

Source: meydan.tv



(birinci hissə)

XIX əsrin ikinci yarısı. İngiltərə. Hempşir qraflığı. Sauthempton.

13 yaşlı Nensinin anası Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin bu ərazidə yerləşən qarnizonunda paltaryuyan işləyir. Kirliləri yığıb gətirmək, təmizləri aparıb paylamaq işinə Nensi baxır. Günlərin birində bir polis qızcığazın ortalıqda dolaşmasından şübhələnib onu tutur, üst-başını axtarıb cibindən 3 pens tapır və sonra da polis şöbəsinə aparır. Orda Nensini kameraya salırlar. Bir azdan bir həkim gəlib ondan adını yaza bilib-bilmədiyini soruşur. Qızcığaz bunu bacardığını deyir, həkim barmaqlıqlar arasından ona kağız-qələm verib “Bura yaz” deyir. Nensi yazır və beləliklə, özü də bilmədən cinsiyyət orqanının müayinəsinə razılıq vermiş olur. Bir polis işçisi onu zorla masaya uzadır, qızcığazın əl-ayağını və ağzını tutub ətəyini başına çəkirlər. Həkim Nensidə cinsi xəstəliklər olub-olmadığını yoxlamağa başlayır – metal güzgünü bir neçə dəfə vaginasına salıb-çıxarır, sonra bətninə uzun tutacaqlı kəlbətin salıb uşaqlıq boynunu tutur. Əslində 2-3 dəqiqə çəkməli olan müayinə – tibbi alətlərlə işgəncə və cərrahi zorlama tam 45 dəqiqə davam edir. Ağrıdan qıvrılan və çırpınıb xilas olmağa çalışan qızcığazın beli masanın dəmir kənarına dəyir və bu, onun həm də fəqərəsinin zədələnməsinə səbəb olur.

Həkim Nensidə heç bir cinsi xəstəlik tapmır, ona sağlamlıq arayışı verir. Hadisədən xəbər tutanda dəli olmaq dərəcəsinə çatan anası Milli Qadın Assosiasiyasına – Jozefin Batler və Elizabet Uoltstenholm tərəfindən yoluxucu xəstəliklər haqda qanuna qarşı mübarizə məqsədilə yaradılmış təşkilata müraciət edir. Dövlət orqanlarına şikayət etməyin heç bir mənası yoxdu, çünki polislər və həkim onun qızına qanuni şəkildə işgəncə vermişdilər.

Az sonra missis Batler Nensini görməyə gedəcək, qızcığazın fiziki və psixoloji travmalarının sağalması üçün əlindən gələni edəcək, onu tanışlarından birinin evində işə düzəldəcəkdi. Ancaq Nensini xilas etmək mümkün olmayacaqdı – fəqərəsindəki zədə bir neçə il sonra onurğa vərəminə çevriləcək, qadınlara qarşı polis zorakılığı daha bir günahsız varlığın ölümüylə nəticələnəcəkdi…


Nensi kimi minlərlə qadına yardım əli uzatmış, qadın haqlarıyla bağlı toplam 90 kitab və pamflet yazmış Jozefin Batler XIX əsr viktorian Britaniyasının ilk feministlərindən biriydi; qadınları, o cümlədən, azyaşlı qızları fahişəliyə sürükləyən qanunların ləğv edilməsi və seks ticarətinin qadağan olunması uğrunda böyük cəsarətlə və fədakarcasına mübarizə aparırdı, bu işə illərini və hətta sağlamlığını


qurban vermişdi; təhqirlərə və təhdidlərə rəğmən mücadiləsindən çəkilmirdi.

Milli Qadın Assosiasiyasının “Daily News” qəzetində dərc olunmuş (31 dekabr 1869) “Qadın manifesti” adlı sənədində də eyni hədəflər göstərilmiş, təşkilatın “o iyrənc qanunların ləğvinə nail olmaq üçün yaradıldığı” vurğulanmış və qeyd edilmişdi ki, yoluxucu xəstəliklərlə bağlı qanunlar qadınların konstitusion hüquqlarını pozur, onları alçaldıcı müayinələrə məruz qoyur, kişilərin “əxlaqsız” qadınlarla əlaqələrinə haqq qazandırıb qadınları eyni əmələ görə cəzalandırmaqla cinsi əxlaqdakı ikili standartları rəsmiləşdirir.

Manifestə imza atan 124 nəfər arasında həmin dövrün tanınmış simaları – sosial nəzəriyyəçi Harriet Martino və sosial islahatçı Florens Naytingeyl də vardı.

Əslində, bu, təkcə İngiltərəyə aid problem deyildi. Jozefin həmin ilin yayında qadın təşkilatlarının İsveçrədə keçirilən bir neçə tədbirində iştirak etmiş, 6 Avropa ölkəsindən gəlmiş nümayəndələrlə görüşmüşdü. Məlum olmuşdu ki, qadınların əxlaqsızlıq ittihamıyla həbs edilməsi, yoxlanması, “qara siyahıya” salınması və idarə olunan fahişəlik sistemi problemi digər ölkələrdə də var.


****

Jozefin Elizabet Qrey 1828-ci ildə İngiltərənin Nortumberlend vilayətində, liberal mövqeli Con Qreyin 10 övladından 7-cisi olaraq dünyaya gəlib. Sosial islahatlar tərəfdarı olan C.Qrey həm də quldarlığa tənqidi münasibətilə tanınırdı. Britaniya imperiyası ərazisində insan alverini ləğv edən və ancaq quldarlara kompensasiya verilməsini nəzərdə tutan qanun (1833) qəbul ediləndə o, baş nazir Erl Qreyə (əmisi oğluna) məktub yazıb narazılığını bildirmiş, qulların bu imtiyazdan məhrum edilməsini və hətta öz övladlarını azad etmək üçün də pul ödəməli olacaqlarını tənqid etmişdi. Ola bilsin, qanuna bəzi dəyişiklikərdə bu məktubun da təsiri olmuşdu.

Həyatın pis üzüylə Jozefin ilk dəfə 19 yaşında – qardaşını görmək üçün getdiyi İrlandiyada tanış olmuşdu. Britaniya hökumətinin tədbirsizliyi və ərzaq ixracını davam etdirməsi ucbatından daha da vüsət almış Böyük aclıq (1845-49) kəndlilərin bir dəri-bir sümük qalmasına səbəb olmuşdu və gənc qız İrlandiyada gördüklərindən sarsılmış, 40 il sonra qələmə aldığı təəssüratlarında belə o insanları dərin kədərlə xatırlamışdı:

“Yol kənarında nalə çəkib yıxılan bədbəxtlərin göylərə göndərdikləri o son haraylarını unuda bilmirəm… Evimizin yaxınlığında qalın meşə vardı, dünyadakı bərabərsizliyin, ədalətsizliyin və qəddarlığın ağırlığı ürəyimə çökmüşdü, o meşəyə gedib saatlarla diz üstə allah yalvarırdım ki, gəlsin və kömək etsin” (Sitat Ceyn Cordanın “Jozefin Batler” kitabındandır).

****

Təbiətcə xoşxasiyyət olan, rəqs etməyi xoşlayan, yaxşı piano çalan və əla at çapan Jozefin 24 yaşı olanda liberal baxışlı illahiyyatçı alim Corc Batlerə ərə gedir – qadınların cəmiyyətdəki yerinin genişləndirilməsini, onlara təhsil və səsvermə hüququnun verilməsini o da vacib hesab edirdi.

Kiçik aralarla cütlüyün 4 övladı dünyaya gəlir. Üç qardaşın bir bacısı olan Yeva 5 yaşında olanda ikinci mərtəbənin məhəccərindən koridorun daş döşəməsinə düşüb ölür (avqust, 1864). Qızının vaxtsız vəfatından sarsılan Jozefin möhkəm xəstələnir, gecələr yuxuya gedə bilmir və bu vəziyyət bir neçə il davam edir. Oktyabr ayında kiçik oğlu Stenli difteriyaya yoluxur, Jozefin onu da götürüb müalicə almaq üçün İtaliyaya – bacısının yanına gedir.

1866-cı ildə Corc Batler Liverpuldakı oğlanlar kollecinə direktor təyin edildiyi üçün ailə bu şəhərə köçür. Uşaqları dərsə, əri işə getdiyinə görə missis Batler evdə tək qalır, qızının vəfatından sonra tapdığı xəstəlik – depressiya yenidən geri qayıdır.

Bir müddət sonra Jozefin baptist rahib Çarlz Birrellə birlikdə Braunlou Hill İş Evini ziyarət etməyə başlayır. İctimai müəssisə tipli bu evlər müəyyən işlər müqabilində yoxsulları yemək və sığınacaqla təmin etmək üçün təsis edilmişdi və bir qayda olaraq onlara qaba və ağır işlər həvalə olunurdu. Braunlou Hill ən böyük iş evlərindən biriydi, orda 5000-ə yaxın adam yaşayırdı.

Josephine_Butler.jpg
Jozefin Batler

İş evini, o cümlədən, yoxsulların yaşadığı məhəllələri və xəstəxanaları tez-tez ziyarət etməsi sayəsində Jozefin xeyli sayda kasıb, xəstə qadınla tanış olur – çoxu İrlandiya aclığından qaçıb gəlmiş; sığınacaq və yataqxanaların azlığı, işsizlik və pulsuzluq ucbatından fahişəxanaları seçmək məcburiyyətində qalmışdı. Bəziləri ölüm ayağında – vərəm və ya sifilisin son mərhələsindəydi.

Günlərin birində missis Batler onlardan birini – 15 yaşındaykən qulluqçusu olduğu evin sahibi tərəfindən zorlanan, bir müddət sonra uşaq doğan və buna görə ailəsi tərəfindən rədd edilən, iş tapmaq üçün Liverpula gələn və dərhal da fahişəliyə cəlb olunan Meri Lokası öz evlərinə aparır. Bir müddət sonra o və əri fahişəlikdən uzaqlaşmaq istəyən daha bir neçə qızı evlərindəki digər boş otaqlara yerləşdirir və hamısıyla da öz ailə üzvləri kimi davranırlar – baxmayaraq ki, həmin dövr üçün bu, çox cəsarətli və mövcud sosial normalara zidd addımıydı. Belə fədakarlıq Corc Batlerin karyerasına da, ailənin cəmiyyətdəki yerinə və sağlamlığına da ciddi zərər vura bilərdi.

****

Daha çox qadına yardım etmək istəyən, amma evində artıq boş yer qalmamış Jozefin bir müddət sonra “İstirahət evi” yaradaraq maliyyə dəstəyi üçün Liverpulun imkanlı şəxslərinə müraciət edir. Digərlərindən fərqli olaraq bu sığınacaqda liberal mühit hökm sürür, cəza metodlarından istifadə olunmur. Çünki missis Batler fahişəliklə məşğul olan qadınlara aşağı zümrənin mənsubları kimi yox, cəmiyyətin ağır həyata məhkum edilmiş üzvləri kimi yanaşırdı.

Tez-tez fahişəxanalara gedib oradakı qadınlarla söhbət etməsi, onların problemləriylə yaxından tanış olması Jozefinin siyasi aktivliyini artırır. O dövrdə qadın haqları uğrunda mübarizə aparanların, demək olar ki, hamısı qadınlara səsvermə hüququ tələb etməklə kifayətlənirdilər, yəni daha təhlükəsiz müstəvidə fəaliyyət göstərirdilər. Missis Batlersə cəmiyyətin diqqətini daha çox seks köləliyinə – hətta kişilərin də səsləndirməyə cəsarət etmədiyi problemə yönəltməyə başlayır (Hərçənd 6 iyun 1866-cı ildə parlamentə göndərilən, qadınlara səsvermə hüququ tələb edən ilk petisiyanı imzalamış 1500 nəfər arasında Jozefin də vardı).

Bu istiqamətdəki fəallığı və İş evlərinə gedib ordakı fahişə və oğru qadınlarla birlikdə çalışması, belələrini öz evinə buraxması, onlar üçün yeni sığınacaq yaratması onun yoxsul qadınlar arasındakı nüfuzunu artırır. Bir müddət sonra missis Batler maliyyə dəstəyi xahişilə yerli ticarətçilərə müraciət edir və ikinci, daha böyük müəssisənin – qadınlara peşə öyrədəcək Sənaye evinin açılmasına nail olur.

O, “Qadın əməyi və qadın mədəniyyəti” və “Qadınların təhsili və məşğulluğu” kimi əsərlərində də “zərif cinsin” müxtəlif peşələrə yiyələnməsinin vacibliyini vurğulayır; qeyd edir ki, hansı sosial sinfə mənsubiyyətindən asılı olmayaraq təhsildən və işləmək imkanından məhrum edilən xanımlar fahişəliyə yönəlmək məcburiyyətində qalırlar və qadınlara ancaq ev işlərini layiq bilən kişilərin bu reallığı görmək istəməməsi riyakarlıqdan başqa bir şey deyil.

1867-ci ildə Enn Klaf (İngiltərənin ilk sufrajistlərindən biri, qadınların ali təhsil hüququ uğrunda mübarizə aparıb, Kembric Nünhem kollecinin ilk direktoru olub) Jozefini və ərini təhsil məsələsində ona dəstək verməyə dəvət edir. Tezliklə Batlerlər ali təhsili qadınlar üçün əlçatan etmək məqsədilə yaradılmış Şimali İngiltərə Şurasına üzv yazılırlar, az sonra Jozefin bu qurumun ilk seçilmiş prezidenti olur. Yeni statusu sayəsində o, komitə qurmaq və hökumətə təsir etmək üsullarını bilən vicdanlı qadın və kişilərlə tanış olur.

Ali təhsillə bağlı kampaniyaların təşkilində iştirak etməklə yanaşı, Jozefin İstirahət və Sənaye evlərindəki fəaliyyətini də davam etdirir, ərli qadınların əmlakını müdafiə kampaniyalarına da qoşulur (1884-cü ilə qədərki qaydalara görə, ailə quran qadının bütün varidatı, pulu və əmlakı ərinin adına keçirdi), bu məsələylə məşğul olan Komitədə həmkatib vəzifəsini icra edir.

Missis Batler 1868-ci ildə qələmə aldığı məqaləsində Mürəbbiyyələr İnstitutu və Məktəb Müəllimləri Assosiasiyasının statistik məlumatlarına, o cümlədən, 1851 və 1861-ci illərin siyahıyaalma nəticələrinə istinadən qadınların maddi vəziyyətinin kədərli mənzərəsinə diqqət çəkir: illik maaşı cəmi 20 funt sterlinq olan mürəbbiyyəlik işi təklifinə 500 qadın müraciət etmiş, ödənişsiz mürəbbiyyəliyə isə 300 qadın razılaşmışdı.

Bu məqalədə Jozefin acından yuxuya gedə bilmədiyi üçün gecələr belinə sarğı doladığını deyən bir müəllimə haqqında da yazır; qadınlar arasında işsizliyin və təhsilsizliyin qorxunc həddə çatdığını vurğulayır.

Miss Batlerin bu istiqamətdəki səyləri cəmiyyətdə bimənalı qarşılanmır, onu təqdir edənlər olduğu kimi, tənqid edənlər də tapılır. Oksford Uodhem kollecinin əməkdaşı, islahatçı dairələrdə ciddi nüfuza sahib olan Frederik Harrison qadınların ödənişli işlərdə çalışmasına qarşı çıxır. Jozefin bunu çoxarvadlılığa və kütləvi fahişəliyə dəstək kimi qiymətləndirir, qeyd edir ki, bu, 2,5 milyon dul və yaşı keçmiş ərsiz qadının aclığa və ya fahişəliyə məhkum edilməsi deməkdir.

Təhsilli kişilərin belə məsələlərdəki cahilliyi, o cümlədən, Harrisonla sərt polemikaları Jozefinin səhhətinə mənfi təsir edir. Buna baxmayaraq Kembricə səfərini təxirə salmır, orda universitetin ayrı-ayrı müəllimləriylə görüşür; nisbətən yaşlı nəslə aid olanlarda qadınların təhsil alması fikrinə müsbət yanaşma formalaşdıra bilir; Florens Naytingeyl, Qarriet Martino və bir neçə başqa tanınmış qadının da imzaladığı petisiyanı universitet Senatına təqdim edir (1868).

1869-cu ildə – yəni cəmi bir il sonra Kembric Universiteti qəbul imtahanlarına qızların da buraxılacağını bəyan edir. Bu nəticənin əldə olunması, heç şübhəsiz, həm də Jozefin Batlerin xidmətiydi.

Elə həmin il bu fədakar qadın bütün İngiltərəni dolaşaraq yoluxucu xəstəliklər haqqında qanunun əleyhinə təbliğat aparmağa, qanunun icrası zamanı yol verilən polis zorakılıqlarını pisləməyə başlayır. Qadının cinsi məsələlər haqqında belə açıq və publik danışması çoxlarını heyrətə salır.

Ana səhifəXəbərlərJozefin Batler –seksist qanunlara qarşı mübarizə aparan feminist qadın