Qazaxıstan Beynəlxalq Bankdan 250 mln. dollarını istəyir
Azərbaycan və Qazaxıstan hökumətləri arasında pərdəarxası danışıqların davam etdiyi bildirilir.
“Turan” Agentliyi yazır ki, müzakirələrin mövzusu – Qazaxıstanın Vahid Yığım Pensiya Fondunun (VYPF) müflis elan edilmiş Azərbaycan Beynəlxalq Bankına (ABB) qoyduğu $250 mln.-un qaytarılması məsələsidir.
Borcun geri alınmasıyla bağlı baş nazir Artur Rəsizadə ilə mütəmadi əlaqə saxlayan maliyyə naziri Baxıt Sultanov, həmçinin Qazaxıstan Milli Bankının rəhbəri Daniyar Akişev məşğul olurlar. Hələlik münaqişənin optimal tənzimlənməsi variantı tapılmayıb.
ABB kreditorlar qarşısındakı öhdəliklərin restrukturizasiya şərtlərinin dəyişdirilməsi barədə iyunun 19-da verdiyi məlumata görə, borcun əvəz olunması üçün buraxılacaq dövlət istiqrazlarına əlavə amortizasiya ödənişi əlavə ediləcək. Düzəlişlərə əsasən, tədavül müddəti 2032-ci ildə bitən bondlar əvvəllər güman olunduğu kimi 2 deyil, 3 il ərzində bərabər həcmlərlə ödəniləcək.
Astanada Azərbaycan Beynəlxalq Bankı ətrafında hadisələrin gedişini diqqətlə izləyirlər. Məsələ ondadır ki, qazaxıstanlı pensiyaçıların $250 mln. məbləğində yığımlarına ABB-nin istiqrazları paketi alınıb. İstiqrazlar üzrə ödəmə müddəti 10 il, kupon dərəcəsi isə 8,25 faizdir. Buraxılış ofşor şirkəti vasitəsilə qapalı üsulla yerləşdirilib.
Agentlik yazır ki, həmin qaranlıq sövdənin də bəzi təfərrüatı məlum olub. Araşdırmanı “Bloomberg” Agentliyinin jurnalistləri aparıb və izlər onları pulların yuyulması üzrə şübhəli şirkətlərinin olduğu Panamaya deyil, uzaq İrlandiyaya gətirib çıxarıb. Məlum olub ki, bu ada ölkəsində də şübhəli işlər görməyi heç də Azərbaycanda olduğundan pis bacarmırlar.
Məlum olub ki, ABB qonşu Qazaxıstandakı fondlardan yüz milyonlarla dollar cəlb etmək istəyəndə, ona əks istiqamətdə 2700 mil məsafədə yerləşən İrlandiyaya üz tutmaq lazım olub. Bank təxminən üç il bundan əvvəl Qazaxıstanın dövlət nəzarətində olan fondları tərəfindən alınmış istiqrazların satışı üçün şübhəli Dublin şirkətindən istifadə edib. Baş vermiş defolt istiqrazlarla bağlı mürəkkəb şübhəli sövdələşmələr prosesini aşkar edib. Dublinin keçmiş sovet respublikalarından maliyyələşdirmə sövdələri üçün mərkəz rolunu oynadığı və bunun üçün zəif tənzimlənən və onların tənqidçilərinin sözlərinə görə, riskləri pərdələyə və nəzarəti çətinləşdirə bilən SPV-strukturlarını cəlb edildiyi üzə çıxıb.
“Bloomberg”-in yazdığı kimi, hazırda İrlandiya Mərkəzi Bankı məlumatın açıqlanması üzrə qanunvericilik tələblərinə uyğunluğun olub-olmamasını müəyyən etmək üçün SPV istiqrazlarının emissiya prospektini yoxlayır. Bu barədə tənzimləyicinin nümayəndəsi Kati Filpott elektron poçtla xəbər verib. Onun sözlərinə görə, bu məlumatların düzgünlüyünə SPV rəhbərliyi cavabdehdir.
İrlandiyanın vergi qanunvericiliyi ölkənin SPV-strukturlarının – dünyanın hər yerinə səpələnmiş şirkətlərin adından borcların cəlb edilməsi üçün istifadə olunan ştatsız təşkilatların – beynəlxalq mərkəzi olmağa imkan verib. Bu ölkədə firmalar vergiyə cəlb olunan mənfəətinin az olduğu və ya heç olmadığı və çox vaxt borc kağızlarını İrlandiya Fond Birjasında yerləşdirən SPV-strukturlarını çox tez təsis edə bilirlər.
Qazaxıstanın Vahid Yığım Pensiya Fondu (VYPF) ABB-nin $250 mln. məbləğində istiqraz buraxılışını 2014-cü ilin sonunda neftin qiymətinin düşməsi fonunda qapalı abunə yolu ilə “Emerald Capital”-dan alıb və indi o, bu kağızlar üzrə zərərçəkmə qarşısındadır. Ölkənin iki parlament fraksiyası investisiya qərarlarını qəbul edənləri məsuliyyətə cəlb olunmasını tələb edir. İrlandiya Fond Birjasında listinq alan kağızlar ötən ay batıb və indi nominalın təxminən 82 faizi dəyərindədir. Birjanın Dublində nümayəndəsi Eyliş Byörn şərh verməkdən imtina edib.
Bəzi investorların vəziyyəti daha əlverişli olub: 2016-cı ildə ABB 2013-cü ildə Rubrika Finance vasitəsilə buraxılmış $198 mln. məbləğində istiqrazları onları satın almış və borcun vaxtından əvvəl ödənilməsini tələb etmiş Qazaxıstan İnkişaf Bankına ödəyib.
Azərbaycan Maliyyə Nazirliyinin təmsilçisi Bloomberg-in bankın irlandiya qurumlarından istifadə etməsini şərh etmək xahişinə cavab verməyib.
“İrlandiya hakimiyyəti ABB-nin yerləşdirmələrinə daha diqqətlə nəzarət etməli idi, – deyə Montereydə (ABŞ, Kaliforniya ştatı) yerləşən Middlberi Beynəlxalq Tədqiqatlar İnstitutunun professoru, İrlandiya iqtisadiyyatını öyrənən Konstantin Qurciyev (Constantin Gurdgiev) bildirib. – İrlandiya Mərkəzi Bankına ABB ilə bağlı vəziyyətdən və İrlandiya platformalarından alver edən keçmiş SSRİ respublikaları müəssisələrinin iştirakı ilə baş vermiş qalmaqallardan bəzi nəticələr çıxarmaq lazımdır”.