2023-cü ilin iyulunda odlu silahdan atəş açmaqla həyatını sonlandıran Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Kənan Bəkiyevin ölümündən öncə yazdığı məktubu üzə çıxıb.
Əsgərin cibindən çıxan məktubunda “Anam, atam, məni bağışlayın. Mən demişdim ki, bu insana dözə bilmirəm. Allaha əmanət olun. Sizi çox sevirəm. Haqqınızı halal edin. Bəkiyev”, – yazıb.
“Musavat.com” yazır ki, Bəkiyevin sərhəd məntəqəsinin rəisi, baş leytenant Tofiq Məmmədovun qanunsuz əməlləri nəticəsində canına qəsd etdiyi istintaqla müəyyən edilib.
İddia olunur ki, Bəkiyev məktubunda komandirin ona qarşı nalayiq ifadələr işlətdiyini və təzyiq göstərdiyini yazıb. Əsgərin bu barədə ailəsinə daha əvvəl məlumat verdiyi bildirilir.
Məlumata görə, Bəkiyev intiharından bir gün əvvəl komandir tərəfindən sıra önünə çıxarılıb. Bildirilir ki, o, yol verdiyi intizam pozuntularına görə komandirin irad və sərt ifadələri ilə üzləşib. Komandir, rabitə vasitələrinin üzlüklərinin olmamasını və icazəsiz şəkildə yeməkxanaya getməsini əsas gətirərək, Bəkiyevə qarşı nalayiq ifadələr işlədib. Əlavə olaraq, komandirin əsgər yoldaşlarının doğum günü münasibətilə keçirdiyi şənliyi dayandırdığı və tortun kəsilməsinə icazə vermədiyi qeyd olunur. Bəkiyevin xidmət etdiyi otaqdakı oturacağın götürüldüyü və onun xidmət zamanı ayaq üstə dayanmağa məcbur edildiyi də iddialar arasındadır.
Məlumatda qeyd olunur ki, Bəkiyev hadisədən sonra məktub yazıb və daha sonra sərhəd məntəqəsində gözətçi xidmətində olan əsgər yoldaşının yanına gedərək, silahını “zastava rəisinin istədiyini” deyərək ondan alıb.
Bəkiyev götürdüyü silahla çənə nahiyyəsindən bir dəfə atəş açmaqla həyatına son qoyub.
Baş leytenant Tofiq Məmmədov məsuliyyətə cəlb edilərək həbs edilib. Onun barəsində 6 il 6 ay həbs cəzası təyin edilib. Təqsirləndirilən şəxsin şikayətləri təmin edilməyib və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.