”İxraacatdakı 25 faizlik artım neftin qiyməti ilə bağlıdır”

Natiq Cəfərli: ”Yaxın Şərqdə hər hansı müharibələr olmasa, qiymətdə ciddi artım ehtimalı azdır”

Source:


Natiq Cəfərli: ”Yaxın Şərqdə hər hansı müharibələr olmasa, qiymətdə ciddi artım ehtimalı azdır”

2017-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarətinin həcmi 1 milyard 254 milyon 680 dollar təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2015-ci ilin oxşar dövrünə nisbətən 16 ,79 faiz çoxdur. İxrac 804 milyon ABŞ dollarına bərabərdir.

Dövlət Gömrük Komitəsi bildirib ki, artım əsasən dövlətin hesabına olub. İxracın 728 milyon 918 min dollarını dövlət, 60 milyonu özəl sektor, 15 milyonunu fiziki şəxslər edib.

Komitə daha sonra idxaldakı əsas malların artım siyahısını qeyd edib: Ət (97 faiz), süd 0,54 faiz, kərə yağı, süddən hazırlanmış digər yağlar 224.40 faiz, cay 225.18 faiz, şəkər 37 faiz artıb. Buğda idxalında atrım diqqət çəkib. Bu ilin yanvarında keçən ilin yanvarı ilə müqayisədə 2,2 dəfədən çox buğda idxal olunub. Miqdar baxımından da artım 3,4 dəfədən çox olub. Ötən ilin yanvarında 17,3 min ton, bu ilin yanvarında 58,7 min ton.

İqtisadçı Natiq Cəfərli komitənin məlumatını Meydan TV-yə şərh edərkən bildirib ki, yeganə səbəb ötən ilin yanvarında neftin qiymətinin 28-30 dollar civarında olması idi:

“Bu il neftin ortalama qiyməti təqribən 55 dollardan bir az çox olub. Yəni ixraacatdakı 25 faizlik artım neftin qiyməti ilə bağlıdır. İdxala gəlincə, yanvar ayı “ölü ay” hesab edilir. Statistikanın dinamikası yanvarda həmişə azalmanı göstərir. Yeni ildən əvvəl Azərbaycana daha çox məhsul gətirilir,  bayramdan sonra bir neçə gün istirahət günü olur, əvvəl gətirilən malların satışı həyata keçirildiyindən idxalda azalma baş verir. Ona görə də xarici ticarət dövriyyəsində müsbət saldo yarandı, pozitiv olsa da, qalıcı deyil. 354 milyonluq müsbət saldonun olmasının səbəbi  yanvarda həm idxalın azalması, həm də neftin qiymətlərində kəsklin artımının olmasıdır. Mart ayında bu tendensiyanın başqa tərəfləri görünəcək, idxalın ciddi artımı olacaq ki, bu, öncədən gətirilən məhsulların tükənməsi və Novruz Bayramı ilə bağlıdır”.

Natiq Cəfərli foto Meydan TV

Natiq Cəfərli bildirib ki, OPEC ölkələrinin anlaşmasına və bazara sözlü müdaxilələrə baxmayaraq, son zamanlar neftin qiyməti 55 dollar civarında sabitləşib:

“Deməli, OPEC-in bazara təsir imkanları sərhədlidir. Neftin qiyməti o zaman arta bilər ki, OPEC yeni anlaşmaya getsin, hasilatın azalması proqramları qəbul olunsun. Birinci anlaşma iyuna qədər qüvvədə olduğundan, bu, mümkün görünmür. Bu, neftin qiymətinin artması üçün iqtisadi səbəbin olmadığını göstərir, Yaxın Şərqdə hər hansı müharibələr olmasa, qiymətdə ciddi artım ehtimalı azdır”.

Ana səhifəXəbərlər”İxraacatdakı 25 faizlik artım neftin qiyməti ilə bağlıdır”