Bir süjetin qurumlar arasında narazılıq yaratdığı deyilir
İctimai Televiziyada polisin fəaliyyəti ilə bağlı gedən tənqidi materialın dövlət qurumları arasında narazılıq yaratdığı bildirilir. Adının açıqlanmasından çəkinən mənbənin Meydan TV-yə verdiyi məlumata görə, İTV xəbər yekunu proqramında maskalarla bağlı cərimələri tənqid edən videomaterial yayımlanıb. Material İctimai-siyasi Proqramlar Departamentinin direktor müavini Nigar Sabir qızı Quliyevanın sifarişi ilə hazırlanıb. Veriliş İTV-nin sosial şəbəkə hesabından da yayımlanıb. Mənbə deyir ki, bundan sonra Daxili İşlər Nazirliyi İTV rəhbərliyinə müraciət edib və materialın silinməsinə nail olub. Lakin sonradan material yenidən işıq üzü görüb:
"Nigar Sabirqızı İTV-nin Baş direktor müavini Murad Hüseynova yaxınlığı ilə tanınır. Buna görə də telekanalda at oynadır. "Diqqət mərkəzi", İTV xəbər yekunu və s. verilişin aparıcısıdır. Nigarın tələbi ilə veriliş yenidən yayımlandı və bundan sonra məlumat gəldi ki, məsələyə daxili işlər naziri Vilayət Eyvazov qarışıb".
Yaranmış problemin ölkə rəhbərliyinə qədər gedib çıxdığını deyən başqa bir İTV yetkilisinin sözlərinə görəsə, polisi "vurmaq" üçün sifarişin iqtisadiyyat naziri Mikayıl Cabbarovdan gəldiyi ehtimalı ortaya atılıb. Səbəbsə nazirin İTV-nin Baş direktoru Balaş Qasımovun bibisi oğlu olmasıdır. Mənbə deyir ki, məhz bu qohumluq səbəbindən İTV-də nazirin "kurasiyası"nda olan sahələrdən – iqtisadiyyat və təhsildən tənqidi material hazırlamaq qadağandır.
"Murad Hüseynov isə gömrükdən tənqidi material hazırlamağı qadağan edib. Təhsildə, gömrükdə problemlər olduğu halda heç nə verilmir, amma polis "vurulur". Bu da istər-istəməz materialın sifarişli olduğu görüntüsünü yaradır. Videomaterialda vəzifəsindən azad edilmiş sahə müvəkkili Camal Qubadovdan söz açılır və deyilir: "Atalar demiş, camal gedər, kamal qalar". Bu sözlərlə Vilayət Eyvazova söz atıldığı güman edilir. Bundan başqa, Nigar Sabirqızı materialı ironiya ilə səsləndirib. Bu da sifarişli olduğu təəssüratını yaradır", – deyə mənbə bildirib.
İşini itirmək qorxusu ilə adının açıqlanmasını istəməyən İctimai-siyasi Proqramlar Departamentinin əməkdaşı Meydan TV-yə deyib ki, hadisəni ört-basdır etmək üçün müxbir Leyla Behbudu zərbə altına qoymaq istəyirlər:
"Mətbuata az-çox bələd olan hər kəs bilir ki, müxbir özbaşına material yayımlaya bilməz. Ümumiyyətlə, İTV-də yayımlanan hər bir material üçün öncə redaktor, sonra departament rəhbərinin müavini, sonra rəhbəri, ən sonda da Baş direktorun müavini icazə verməlidir. Onların hamısı da bu materialın yayımlanmasına razılıq verib. Hazırlanan bütün materiallar da yuxarıdan sifariş edilir, müxbir özbaşına material hazırlamır, o, yalnız icraçıdır".
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat xidməti Meydan TV-nin məsələ ilə bağlı suallarını cavablandırıb. Mətbuat xidmətindən bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları sifarişlə hər hansı süjet, reportaj, xəbər hazırlamır və yaymır:
"Gündəmdə olan məsələlərdən asılı olaraq dövlət qurumlarının, o cümlədən sualınızda qeyd etdiyiniz Dövlət Gömrük Komitəsi, İqtisadiyyat və Təhsil nazirliklərinin fəaliyyəti, mövcud problemlər və onların həlli yolları ilə bağlı dəfələrlə İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq”, “Diqqət Mərkəzi”, “3D”, “İTV Xəbər” proqramlarında süjetlər, müzakirələr verilib. Həmin müzakirələrdə vətəndaşlara, ekspertlərə və müvafiq dövlət qurumlarının nümayəndələrinə öz fikirlərini bildirmələri üçün bərabər imkanlar yaradılıb. Dövlət orqanlarının fəaliyyəti barədə vətəndaşların qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququnun həyata keçirilməsi təmin edilib. Məsələn, bu yaxınlarda gündəmdə olan və ictimaiyyəti maraqlandıran Tarif Şurası tərəfindən yanacağın və suyun qiymətlərinin qaldırılması, ölkəyə onlayn qaydada sifarişlə idxal olunan mallara görə rüsumların tətbiqi, təhsil sahəsində mövcud problemlər və onların həlli yolları barədə dəfələrlə qeyd etdiyimiz verilişlərdə canlı müzakirələr aparılıb və bütün tərəflərin mövqeləri heç bir dəyişiklik edilmədən efirə verilib".
Balaş Qasımovla Mikayıl Cabbarovun qohumluq əlaqələrinə gəlincə, Mətbuat xidmətindən bildirilib ki, İctimai Televiziya öz fəaliyyətində hər hansı qohumluq, dostluq əlaqələrini deyil, İctimai yayım xidmətinin müstəqillik, informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyü prinsiplərini əsas tutur:
"Bizim üçün əsas məsələ ictimai maraq kəsb edən, geniş ictimaiyyəti maraqlandıran problemlərin müzakirəsi, İctimai Teleradio haqqında qanunda əksini tapan normalar və prinsiplərdir. Sonda bir daha diqqətinizə çatdırırıq ki, İctimai Televiziya şəffaflıq prinsiplərinə üstünlük verir və fəaliyyətilə bağlı cəmiyyəti maraqlandıran sualları cavablandırmağa daim hazırdır".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Meydan TV-yə məsələdən xəbərsiz olduqlarını bildirib.