İTV-də növbəti seçki tamaşası

Yazar: Rövşən Hacıbəyli

Foto: Meydan.tv

Baş rolda oyuncaq Yayım Şurasıdır…

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçkilər keçirilib. 24 mayın əsas xəbər başlıqlarından biri bu seçkiylə bağlı olmalıydı. Olmadı. Çünki hər kəs bu “seçkidə” kimin qalib olacağını başlanğıcdan, seçki elan olunmazdan qabaq bilirdi; seçkiyə qatılan namizədlər belə. Yaranışdan İTV-nin bəxti gətirməyib, seçkili qurumda həmişə yuxarının təyin etdiyi adam qalib olub. İlk sədr İsmayıl Ömərov da, onun yerinə gələn Cəmil Quliyev də, Mikayıl Cabbarovun xalası oğlu olduğu deyilən Balakişi Qasımov da təyinatla oturub o postda. Hamısı da qanunu yox, hakimiyyətin, bir ailənin maraqlarını müdafiə edib.

Yaranışından oyuncaq qurum olan Yayım Şurası da ictimaiyyətin gözü qarşısında baş verən bütün bu qanunsuzluqlara susub. Balakişi Qasımovun təyinatında isə tapşırıq necə ciddi olubsa, Yayım Şurası bütün hədləri aşıb…

Mənzərə aydın olsun deyə, yaxın keçmişə qayıdaq, 2018-ci il mayın 11-də bir çox saytlarda yayılmış xəbərə baxaq: “Bakı, 11 may, AZƏRTAC. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasından AZƏRTAC-a daxil olan məlumata görə, İTV Yayım Şurasının bugünkü iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib… Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib”.

Lent.az saytında gedən xəbərin başlığı belədir: “Cəmil Quliyev İTV-dən getdi: kanala yeni baş direktor seçildi”.
Bu xəbəri bəzi saytlarsa APA-ya istinadla yayıb. Dəyişikliklə bağlı agentliyə xəbər Yayım Şurasından verilib.

Maraqlıdır ki, Yayım Şurasında olanlar gələn sifarişdən nə qədər həyəcanlanıblarsa, İTV direktoru vəzifəsinin seçkili olduğunu unudublar. Notarius rolunu üzərinə götürən Yayım Şurası üzvləri Cəmil Quliyevin səlahiyyətlərinə xitam verən kimi Balakişi Qasımovu onun yerinə seçiblər.

Foto: screen

Media eksperti Ələsgər Məmmədli də elə həmin gün – mayın 11-də bununla bağlı FB-də status paylaşıb: “İndi xəbər yayıblar ki, İctimai Televiziya və radionun Baş direktorunun səlahiyyətlərinə xitam verərək yerinə yeni Baş direktor təyin ediblər.
Bu, birbaşa qanunvericiliyi pozmaqdır. İctimai Teleradio yayımı haqqında qanunun 20.3.1 maddəsinin və 21.1-ci maddəsinin tələbi Baş Direktorun təyin edilməsi yox, seçilməsidir.

Bu qanunsuzluğa sosial şəbəkələrdə etiraz nəticəsini verdi və Balakişi Qasımovun təyinatından 20 gün sonra Yayım Şurasında “seçki” keçirildi. Ona seçki görüntüsü vermək üçün əlavə 6 nəfəri alternativ kimi Balakişi Qasımovun – təyinatlı sədrin qarşısına çıxardılar. Bütün “çabalar”a baxmayaraq, bu 6 nəfər “seçki”də məğlub oldu, ancaq nədənsə onlardan heç biri seçki məğlubiyyətinin acısını yaşamadı, demokratik ölkələrdə olduğu kimi uduzduqları rəqibə qarşı bir kəlmə də danışmadılar. Görünür, proses o qədər “şəffaf”, seçki o qədər “demokratik” olmuşdu ki, deməyə sözləri qalmamışdı. Gülünc duruma düşən, oyuncaq qurum olan Yayım Şurası isə bir ayın içində ikinci dəfə Balakişi müəllimi İTV direktoru seçmişdi. Yeri gəlmişkən, 11 may təyinatından sonra İTV-nin saytında Balakişi Qasımovun şəkli və bioqrafiyası yerləşdirilmişdi. Etirazlardan sonra seçki məsələsi ortaya atıldığından o şəkil və sədr haqqında məlumat saytdan yığışdırıldı, həm də biryolluq. 1 iyun “seçki”sindən sonra da İTV saytında sədrlə bağlı hər hansı bölmə yoxdur, elə indi də.

Görünür, Balakişi müəllim ictimaiyyətdən çox ciddi şəkildə inciyib…

Foto: screen

İndi də 1 iyun seçkisi ilə bağlı saytlarda gedən xəbərlərdən birinə baxaq:
“Baş direktor vəzifəsinə Balakişi Qasımov seçilib BAKI, 1 iyun — Sputnik. İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə seçki keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu gün Milli Televiziya və Radio Şurasında keçirilən seçkidə bu posta Balakişi Qasımov seçilib.

“İctimai televiziya və radio yayımı haqqında” qanunun müvafiq maddələrinin tələblərinə uyğun olaraq, Yayım Şurası tərəfindən Qasımov Balakişi Ələkbər oğlu 4 il müddətinə İTV-nin baş direktoru seçilib.
İclasda Yayım Şurasının 9 üzvündən 8-i iştirak edib ki, onların da hamısı gizli səsvermədə səslərini Balakişi Qasımova veriblər”.

Ölkədə qanunların necə işlədiyinin, seçkilərin necə keçirildiyinin tarix kitablarına düşəcək örnəyidir bu fakt.
4 il əvvəlki səhvi indi düzəltmək qərarına gəliblər, yəni 4 il qabaq seçki may ayında, Cəmil Quliyev gedəndə keçirilməliydi. Onda təyinat oldu. Seçkini isə təzyiqlərə görə iyunda keçirməyə məcbur oldular. Məntiqlə sədr 4 illiyə seçilirsə, seçki də iyunun 1-də olmalıdır. 4 il tamam olmadan seçki keçirmək üçün gərəkdir ki, Balakişi müəllim sədrlikdən getsin. Yerindədir və vaxtından qabaq seçki keçirirlər. Həm də bu dəfə onun daha demokratik olduğunu göstərmək istəyirlər, yəni seçkiyə 8 namizədlə gedirlər. İnkişaf göz qabağındadır, Cəmil Quliyev 5 namizədlə, Balakişi Qasımov ilk sədrliyində 7 namizədlə, bu dəfə isə 8 namizədlə seçkiyə getdi və qalib gəldi.

İTV-də baş direktor seçkiləri: 8 namizəd arasında o qalib gəldi 24.05.2022 – 11:17…

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçkilər keçirilib.
“Yenicag.az” xəbər verir ki, seçkilər Audiovizual Şuranın inzibati binasında baş tutub.

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq, səsvermənin yekun nəticələrinə əsasən, Qasımov Balakişi Ələkbər oğlu yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib.

Mənbə: İTV

Belə ki, Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib və onlardan 9 nəfəri də Balakişi Qasımovun lehinə səs verib.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə 8 nəfər namizədliyini irəli sürmüşdü”.

Göründüyü kimi, Yayım Şurası üzvlərindən kimsənin yuxarıdan gələn tapşırığa etiraz etmək cəsarəti olmayıb; ən azı demokratik görüntü üçün…

Seçkiyə qatılan namizədlərin adını tarix üçün yadda saxlayaq: Nəsirov Rəşad Barat oğlu, Məmmədzadə Tural Sahib oğlu, Həsənov Anar Bəybala oğlu, Abbasova Təranə Süleyman qızı, Qasımov Balakişi Ələkbər oğlu, Əliyev Ədalət İsaxan oğlu, Əlizadə Üzeyir Əli oğlu, Nağıyev Anar Əlişah oğlu.
İTV sədri iddiasına düşən bu adlar ictimaiyyətə nəsə deyir?

Yeri gəlmişkən, Prezident İlham Əliyev də 24 may seçkisinə biganə qalmayıb, indiyə qədər qarşılaşmadığımız bir sərəncama imza atmaqla Balakişi müəllimi təbrik edib.

“…2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İctimai Televiziya və Radio Yayımları Şirkətinə 640 (altı yüz qırx) min ABŞ dollarının manat ekvivalentində vəsait ayrılsın”. Yəni Prezident Administrasiyasında bir adam tapılmadı ki, o ekvivalenti hesablayıb məbləği manatla yazsın, bizim kimi savadsızlar da dolları manata necə çevirmək zorunda qalmasın…
Paxıl deyilik, xeyirli olsun!

Ana səhifəMənim FikrimcəİTV-də növbəti seçki tamaşası