Hüquqşünaslar Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin məlumatına münasibət bildirib
Mayın 26-da Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli olmaqla bir sıra üzvlərini ittiham edən
məlumat
yayıblar.
Məlumatda bildirilir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, Gədəbəy rayonunun İcra Hakimiyyəti başçısı olmuş Saleh Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və digərləri “xaricdə Azərbaycan dövlətinə, dövlətçiliyinə və milli maraqlara zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması”nda günahlandırılırlar.
Respublika Prokurorluğu ilə DİN-in yaydığı birgə məlumatda deyilir ki, adıçəkilən şəxslərin bu əməlləri törətmələrinə dair sübutlar toplanıb.
Baş Prokurorluq və DİN Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmovu ittiham edib:
“O, çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun, Vergi Məcəlləsi və digər normativ hüquqi aktların tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin xüsusi razılıq (lisenziya) olmadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiya Federasiyasının ərazisində təbliğat aparıb”.
Hüquqşünas Yalçın İmanov Meydan TV-yə deyib ki, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun bəyanatında əsas vurğu qanunsuz sahibkarlıq və çirkli pulların yuyulmasınadır.
Onun sözlərinə görə, qanunsuz sahibkarlıq tərkibinin əmələ gəlməsi üçün şəxsin vergi orqanında qeydiyyatda dayanmaması kifayət edir:
“Söhbət Rusiya vətəndaşı Saleh Rüstəmovdan gedir və o, sahibkar kimi qonşu ölkədə fəaliyyət göstərir. Onun Rusiya Federasiyasının vergi orqanında qeydiyyatda dayanması qanunsuz sahibkarlıq tərkibinin yaranmamasına kifayət edir. Bu halda Cinayət Məcəlləsinin 192-ci maddəsinin tərkibi yarana bilməz və Azərbaycan hüquq-mühafizə orqanları ona ittiham irəli sürə bilməz. İkinci, Cinayət Məcəlləsinin 193-cü maddəsi, çirkli pulların yuyulması, ümumiyyətlə, absurddur. Bu maddə ilə istənilən Azərbaycan vətəndaşını ittiham etmək olar. Çünki Rusiyada bir çox azərbaycanlı müxtəlif formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Azərbaycanın əksər insanları məhz onların göndərdiyi pullar hesabına dolanır. O zaman belə məntiq yaranır ki, azərbaycanlıların böyük əksəriyyəti çirkli pulların yuyulması tərkibli cinayət əməli ilə məşğuldur. Absurdluq o qədər açıqdır ki, hətta ittihamlarla ətraflı tanış olmadan belə əsassız və qanunsuz olduğu ortalığa çıxır. Üçüncü məqam AXCP-nin, sədrinin və fəallarının mütəşəkkil dəstə kimi göstərilməsidir. Qeyd olunur ki, Saleh Rüstəmov ayrı-ayrı şəxslərdən pul toplayıb AXCP-yə çatdırıb. DİN və Baş Prokurorluğun məlumatından görünür ki, hənsısa şəxs bir partiyaya ianə təqdim edirsə, Cinayət Məcələsinin 193-cü maddənin tərkibini yarada bilər. Bu, tamamilə gülməli, qanunsuz və əsassızdır. Əminəm ki, iş üzrə vəkillər və təqsirləndirilənlər bu əsassızlığı ortaya qoyacaqlar.”
O, xatırladıb ki, Saleh Rüstəmov 18 gün əvvəl nakotik ittihamı ilə saxlanılmışdı:
“Görünən odur ki, Saleh bəyə qarşı irəli sürülən ittiham növbətçi olmaqla əsassız və qanunsuz idi. Bu, iki həftədən çox adamı cəmiyyətdən, ailəsindən təcrid etmək məqsədinə xidmət edib. Bununla hüquq-mühafizə orqanlarının 26 mayda yaydığı açıqlama narkotik ittihamını da darmadağın edir”.
Hüquqşünas Xalid Bağırov hesab edir ki, adətən belə bəyanatlar yayılarkən iki önəmli məsələni vurğulamaq lazım olur:
“Birinci, ictimaiyyətin məlumat almaq hüququ var, cəmiyyət məlumatlandırılmalıdır. İkinci, məlumat elə şəkildə olmalıdır ki, həbs olunan, yaxud şübhəli bilinənlərin təqsirsizlik prezumpsiyası pozulmasın. Belə halda baş verən proses barədə cəmiyyəti məlumatlandıran hüquq-mühafizə orqanları kimisə konkret hansı cinayətdə əvvəlcədən ittiham etməmiş olmalıdır.
Hüquq-mühafizə orqanlarının əvvəlki açıqlamaları ilə müqayisədə 26 may bəyanatı kifayət qədər səliqəli hazırlanıb. Daha çox hansı məzmunlu sübutların əldə olunduğunu və hansı prosessual addımların atdıqlarını vurğulamağa çalışırlar. Konkret kimisə ittiham etmirlər, yazırlar ki, filankəslərə filan şeyi sübut edən məqamlar var. Ona görə də Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin açıqlamasında ciddi problem görmədim”.
“Saleh Rüstəmovu mayın 8-də narkotik ittihamı ilə həbs edirlər, 18 gün sonra başqa maddə irəli sürülür. Bunu necə izah edərdiniz” sualına Xalid Bağırov belə cavab verib:
“Azərbaycanda bu tipli narkotik ittihamlarının niyə verildiyini gözəl bilirik. Şəxsi saxlayandan sonra ona hər hansı müəyyən təzyiqlər edib müəyyən məsələlərlə bağlı ifadə almaq üçün narkotik ittihamını irəli sürürlər. Dəfələrlə belə halları görmüşük. Məsələn, Hilal Məmmədov narkotik ittihamı ilə həbs olundu, sonra başqa ittihamlar irəli sürüldü. Narkotik ittihamının Azərbaycan təcrübəsində necə sübut olunduğu hamıya məlumdur, cibinə qoyurlar və həbs edirlər. Sonrakı mərhələdə təzyiqlər vasitəsilə ittihamlar irəli sürürlər. Təbii ki, bu element açıq şəkildə görünür”.