Hüquq müdafiəçisinin kod adı “BET” kimi qeyd olunub
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) agentlərindən birinin adı açıqlanıb.
Meydan TV-nin məlumatına görə, bu haqda MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində qeyd olunub. Azər Mehdiyev ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, əlaqəsində olan etibarlı şəxslər “BET”-yə, “TT”-yə, Antiterror mərkəzinin sabiq rəis müavini İlqar Əliyevin əlaqəsində olan “İƏ”- yə raportlarda göstərilən məbləğlərdə vəsait ödənilib.
Etibarlı şəxs “BET” – Behbudov Elçin Tofıq oğlu ilə 26 oktyabr 2013-cü ildə Azər Mehdiyev tərəfindən etibarlı münasibətlər yaradılıb. Ona 25 noyabr 13-cü il tarixli 6/1/6543 saylı raport ilə ona hər ay 2000 manat mükafatı təyin olunub. 31 may 2014-cü ildə onun Strasburqa səfər xərclərinə 2500 manat ödənilib. “BET”in təqdim etdiyi məlumatlar ümumi xarakterli olub.
Əlavə olaraq vurğulanıb ki, “BET” 2015-ci ildən FOEZ kimi Hərbi Əks Kəşfıyyat Baş İdarəsində hərbi xidmətdə olub.
MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.
Yazıda adı qeyd edilən Elçin Behbudov isə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri olub. O, 2015-ci ilin noyabrın 14-də ürək tutmasından vəfat edib.
Meydan TV E.Behbudovun həyat yoldaşı Elmira Behbudovadan münasibət öyrənməyə cəhd etsə də, mümkün olmayıb.