”İtkinimizi istəyirik, başqa heç nə lazım deyil”

Tamara Zülfüqarova: ”Fəhlə əmrə tabe olmalıdır”

Source:


Tamara Zülfüqarova: ”Fəhlə əmrə tabe olmalıdır”

“Çörəkpulun oradan çıxırsa, işsizlikdirsə, məcbursan ki, nə desələr razılaşasan”.

Bu sözləri Meydan TV-yə 15 dekabrda Nərimanov adına NQÇİ-nin estakadasının uçması nəticəsində dənizdə itkin düşən neftçi Güloğlan Zülfüqarovun həyat yoldaşı Tamara xanım deyib.

Güloğlan Zülfüqarov dənizdə itkin düşən 9 neftçidən biridir. O, 8 uşaq atasıdır.

“Ayın 14-ü axşam saat 7-də zəng elədi. Külək barədə heç nə demədi. Dedi ki, arxayın ol, bir də səhər əlaqə saxlayacam. Gözlədim, zəng gəlmədi… Telefonu da sönülü idi. Sonra saat 10-un yarısında qonşular gəldilər…” – Tamara Zülfüqarova söyləyib.

Onların evini ziyarət edən “Nərimanneft”in əməkdaşları xanıma “axtarırıq” deyiblər:

“Elə bir onu dedilər ki, axtarırıq. Hadisədir də, olub. İş rejimi yəqin elə məcbur eləyib ki, işləməli olublar o küləkdə. Nə deyə bilərəm? Fəhlə nə üçün yaranıb? Əmrə tabe olmalıdır. Vəziyyət elədir ki, heç nə deyə bilməzsən. Desən, başqa cür olar”.

Tamara Zülfüqarovanın sözlərinə görə, ailələrində yeganə işləyən həyat yoldaşı olub:

“Uşaqlarımın heç biri işləmir, iş tapa bilmirlər. Ümid yerləri ataları idi. 27 ildir ki, orada işləyirdi. İtkimiz var, itkinimizi istəyirik, başqa heç nə lazım deyil”.

Hadisə zamanı itkin düşən digər neftçi Azay Zülfüqarovun həyat yoldaşı Çimnaz xanım isə bildirib ki, axtarışla bağlı tez-tez əlaqə saxlasalar da, yeni heç bir məlumat ala bilməyiblər:

“Gecə saat 8-də axırıncı zəngi olub, səhər telefonuna zəng çatmadı. Heç nə deyə bilmərəm, amma kaş belə olmayaydı. 25 ildir ki, orada işləyirdi”.

15 dekabrda səhər saat 5 radələrində N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakada uçub. Estakadanın üzərindəki yaşayış köşkü də dağılıb. Məlumata görə, 9 nəfər itkin düşüb, bir nəfər həlak olub.

Ana səhifəXəbərlər”İtkinimizi istəyirik, başqa heç nə lazım deyil”