Operator Qorxmaz Rüstəmovun bacısı və qardaşı bir neçə il əvvəl avtoqəzada həlak olublar
Xəzər dənizində baş vermiş qəzada itkin düşən Qorxmaz Rüstəmov ailənin yeganə övladıdır. Bir neçə il əvvəl baş verən avtoqəzada Q.Rüstəmovun bacısı, onun əri, uşağı və qardaşı həlak olub. Rüstəmovlar ailəsinin 3 övladından sağ qalan, hazırda adı itkinlər siyasında olan operator Qorxmaz Rüstəmovdur.
Bu barədə Meydan TV-yə Q.Rüstəmovun yaşadığı Hacıqabul rayonu Atbulaq kəndinin icra nümayəndəsi Pərviz Dadaşov məlumat verib.
O deyib ki, Q.Rüstəmovun ailə üzvləri hadisədən xəbər tutan kimi Bakıya gediblər. “Qorxmaz Rüstəmov kənddə yaşayırdı. Bir həftədən bir işə gedib-qayıdırdı. Ana və atası, yoldaşı kənddə qalır. Uzun müddət idi həmin yerdə işləyirdi”- icra nümayəndəsi deyib.
SOCAR məlumat verir ki, 15 dekabrda səhər saat 5 radələrində Xəzər dənizində güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakada uçub. Estakadanın üzərindəki yaşayış köşkü də uçub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış köçkündə olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
“Azneft” İB-də yaradılmış qərargahdan 1 nəfərin cəsədinin tapıldığı bildirilib.