İtkin düşən neftçinin qızı: ”Atamı geri gətirsinlər”

Aytac İbrahimova: “Necə olur ki, özül rəisləri sağ-salamat gəlir, amma 22 nəfər fəhlə yoxdur?”

Source:


Aytac İbrahimova: “Necə olur ki, özül rəisləri sağ-salamat gəlir, amma 22 nəfər fəhlə yoxdur?”

“Tros ilişib, Mahal öz işini görməkdən ötrü atamı qayıqdan köməyə çağırıb. Atam da ona kömək etmək üçün qayıqdan çıxanda dənizə düşüb. Bu məlumatı bizə Mahal Yusifov özü verib. Allahverdi Məmmədov bütün fəhlələri qayığa mindirməli idi. Necə olur ki, özül rəisləri sağ-salamat gəlir, amma 22 nəfər fəhlə yoxdur? Təhlükəsizlik rəisi ordakı insanlara cavabdeh olmalıdır. Niyə Mahal və Allahverdi sağ gəlməlidir, fəhlələr yox?”

Bu sözləri Meydan TV-yə dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğında itkin düşən Xalid İbrahimovun qızı Aytac İbrahimova deyib.

İtkin düşən neftçinin ailəsi özül rəisi Allahverdi Məmmədov və təhlükəsizlik rəisi olduğu deyilən Mahal Yusifovdan şikayətçidir.

Aytac İbrahimovanın sözlərinə görə, sonuncu dəfə atası ilə həmin gün saat 6-ya işləmiş danışıblar. Xalid ibrahimov onlara qaz sızmasının olduğunu və partlayışın gözlənildiyini bildirib:

“Anam atamın danışdıqlarından nə baş verdiyini anlamadı. 6-ya qalmış xəbər tutduq ki, yanğın baş verib. Qərargahla əlaqə saxladıq. Ordan bizə dedilər ki, narahat olmayın, hamı sağdır, “şlyupka”larda oturublar. Atama nə qədər zəng etsək də, telefonuna zəng çatmadı. O vaxtdan atamdan heç bir xəbər yoxdur”.

İtkin düşən Xalid İbrahimovun ailəsi özül rəisi və təhlükəsizlik rəisinin cəzalandırılmasını istəyir. Aytac İbrahimova  deyir ki, “Günəşli” yatağındakı yanğında “SOCAR”-ın da günahı var, məsuliyyətsizlik edib:

“Xarici şirkətin işçilərini sahilə çıxardıqlarını eşitmişik. Atamgil dekabrın 4-ü işləməyiblər, hava şəraitinə görə otaqlarda oturublar. Qaz sızmasının, hava şəraitinin pis olacaqlarını əvvəlcədən biliblər. Fəhlələri sahilə çıxara bilərdilər”.

İtkin düşən neftçinin qızı danışır ki, əmisi hər gün qərargaha gedib atasını soruşur:

“ Hər gün axtarışların getdiyini deyirlər, amma atam haqda heç bir məlumat yoxdur. Kimin günahı varsa, cəzalansın. Onsuz da olan oldu, atam yoxdur. Əsas odur ki, atamı geri gətirsinlər. Başqa heç nə istəmirik onlardan.”

Ana səhifəXəbərlərİtkin düşən neftçinin qızı: ”Atamı geri gətirsinlər”