İtkin düşən neftçinin qardaşı: Qızı atasını səsləyib ağlayır

”Həyat yoldaşının iki dəfə ürəyi gedib”

Source:
foto modern.az
foto modern.az


”Həyat yoldaşının iki dəfə ürəyi gedib”

15 dekabrda Xəzər dənizində estakadada baş verən qəzada itkin düşən neftçilərdən biri də Ramiz Abbasovdır.

Qardaşı Mübariz Abbasov Meydan TV-yə bildirib ki, Ramiz 15 ildən çoxdur maşinist vəzifəsində çalışır:

“Gecə növbəsində idi. Gecə 12-1 radələrində ailəsi ilə də danışmışdı. Ətini kəssələr də danışan, şikayətlənən adam deyildi. 12-13 yaşlarında iki övladı var. Oğlu sakitdir, amma qızı atasını səsləyib ağlayır. Həyat yoldaşının iki dəfə ürəyi gedib. Sizinlə danışa bilməyəcək”.

İdarədən Mübariz Abbasova axtarışların getdiyini bildiriblər.

Ramiz Abbasovun digər qardaşı – Yadigar Abbasov da dənizçıdır, başqa estekadada çalışır. Onun sözlərinə görə, qəza baş verən gün güclü külək olub: “Adətən qəzalı meydança olarsa, işçiləri başqa meydançaya təxliyə edirlər”.

Ramiz Abbasov 10 yanvar 1970-ci il təvəllüdlüdür. Salyan rayonu Xıdırlı kəndində yaşayıb.

15 dekabrda səhər saat 5 radələrində N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakada uçub. Estakadanın üzərindəki yaşayış köşkü də dağılıb. İlkin məlumata görə, 9 nəfər itkin düşüb, bir nəfər həlak olub.

Ana səhifəXəbərlərİtkin düşən neftçinin qardaşı: Qızı atasını səsləyib ağlayır