Dostları xilasetmə işlərinin sistemsiz aparıldığını deyirlər
Tufandağda dekabrın 23-də itkin düşən üç alpinistin tapılması üçün axtarışlar hələlik nəticə verməyib.
Fövqəladə Hallar Nazirliyinin qaynar xəttindən Meydan TV-ə bildiriblər ki, hələlik bununla bağlı məlumat yoxdur.
Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” – hava və ekstrim idman klubunun üç üzvü Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızı – geri qayıtmayıb və onlarla əlaqə
kəsilib
.
Onların dostları, tanıyanlar axtarış işləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif rəylər yazıblar.
Nərmin Məmmədova adlı “Facebook” istifadəçisi yazıb ki, müəyyən bir yerə kimi ayaq izləri görülüb, sonra o da itib.
“Neçə gündür yağış, qar, çovğun var. Belə havada iz qalmır”, – deyə bildirib.
Alpinist Elman Əsgərov isə axşam axtarışların dayandırılmasını düzgün hesab etmir. Deyir, bəlkə də onlar dəstək gözləyirlər, amma məsələ odur ki, biz niyə gözləyirik?!
“Dağda azma ehtimalı da var. Dünən bu günü, bu gün də səhəri gözləyirik”.
Digər bir “Facebook” istifadəçisi Sima Səfərova yazıb ki, helikopter gecə uçuşları həyata keçirmir və bu qərarı FHN təkbaşına yox, dağçılarla məsləhətləşərək verib:
“Hamı əlindən gələni edir. Sadəcə ümidi itirmək lazım deyil. Heç kim bədbin fikirləşməməlidir. Namin nə ölümlərdən dönüb, bu nədir ki onun üçün. Babur da çox güclüdür. Fəridənin də belə anlarda dözümlülüyünə inanıram”.
Ümumilikdə isə həm alpinistlərin dostları, həm də digər sosial şəbəkə izləyiciləri axtarışların düzgün həyata keçirilmədiyini düşünürlər:
“Nə FHN-in, nə də başqa bir kimsənin fövqəladə vəziyyətdə nə etmək lazımdır deyə bir planı yoxdur. Hamı fırlanır, nəsə etmək istəyir, amma necə? Bax onu heç kəs bilmir”, – daha bir “Facebook” istifadəçisinin sözləridir.
Dağçılıqla məşğul olan bələdçilərin əksəriyyəti belə düşünür. Onlar axtarışların sistemsiz və plansız həyata keçirildiyini düşünürlər:
“Yaxşı ki, bizim Himalay, Alp dağlarımız yoxdur. Camaat həmin dağlardan adam xilas edir, bizim aidiyyatı qurumlar neçə gündür Tufandağda itkin düşmüş dağçılarımızı tapa bilmirlər. İstəyir havanın temperaturu lap mənfi 25 dərəcə olsun. Qışda Kanadada millət o temperaturda normal həyatını yaşayır, hələ Sibirdən danışmırıq. Bizdə isə aidiyyatı qurumlar tökülüşüb üç gənci tapa bilmirlər”, – Sevinc Pənah belə deyir.
Fövqəladə Hallar Nazirliyindən də səhər tezdəndən axtarışların bərpa olunduğunu deyilib:
“Nazirliyin bütün xilasedici qüvvəsi ordadır, hamı axtarır. Orada dünən hava çox pis olub, çovğun idi. Ona görə ləngimə olub, ancaq hazırda axtarışlar davam etdirilir”.