“İti iynə batırılmış çörək yedizdirərək öldürmək vicdansızlığın son həddidir”

Aktivistlər Qəbələ Rayon Polis İdarəsinə gedərək görüntülərin aptek rəhbərliyindən istənilməsini və iti öldürmək istəyən şəxsin məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Source: Specify Source


Müəllim itə görə çəkiliş aparılmasına etiraz edib

21 martda heyvan hüquqları müdafiəçisi Nicat İsmayılov öz sosial media hesabında itlərin önünə atılmış iynə batırılan çörək görüntülərini paylaşıb. O, hadisənin Qəbələnin Vəndam kəndində baş verdiyini bildirib.

Martın 24-də Nicat İsmayılov, Aynur Babazada və Ayan Həşimova hadisə ilə bağlı faktları araşdırmaq, polisə şikayət etmək məqsədilə Qəbələnin Vəndam kəndinə yola düşüblər.

“Daha əvvəl də Qəbələdə uzun vaxt keçirmişəm. Oranı yaxşı tanıyıram. Bu səbəbdən video mənə göndəriləndən sonra kənd sakinləri ilə rahat əlaqə yarada bildim. Dedilər ki, artıq iynəli çörəkləri heyvansevər dostlarımız yığışdırıb. İti iynə batırılan çörək yedizdirərək öldürmək vicdansızlığın son həddidir. Biz itlərin güllələnməsi ilə mübarizə aparırdıq, heç demə, itləri iynəli yemək verərək öldürürlərmiş”, -Nicat İsmayılov deyib.


“İtləri öldürmək istəyən şəxs yaşlı və kasıb olduğundan əczaçı onun kim olduğunu demək istəmir”

Hadisənin baş verdiyi iddia edilən yerdə aptek, tikinti materialları satılan mağaza və kafe var. Meydan TV əməkdaşı da eko-aktivistlərlə birgə aptekə daxil olaraq əczaçıdan 3 gün əvvəl baş verən hadisəyə şahid olub-olmadıqlarını soruşub. Əczaçı bildirib ki, hadisənin şahididir, lakin itləri öldürmək istəyən şəxs yaşlı və kasıb olduğundan onun kim olduğunu demək istəmir. Aktivistlərin xahişindən sonra əczaçı telefonunda saxladığı görüntüləri onlara göstərib.

Kamera görüntülərindən məlum olub ki, yaşlı bir kişi iynə batırılan çörək dilimlərini aptekin önündə gəzən ağ rəngli itin önünə atır. İt çörəyi dişləsə də, onu yemir və yerə tüpürür.

Aptekdən çıxarkən aktivist gəncləri sağ qalan həmin it qarşılayıb. İt ölməyib, yenə də ona atılan çörək tikələrinə baxıb, amma yemək istəməyib.

Kənd sakinlərindən biri çəkilişə etiraz edib. Adının Aslan olduğunu deyən kənd sakini bildirib ki, 40 ildir kənd məktəbində tarix müəllimi işləyir.

“Kənddə o qədər kasıb-kusub var. Durub itə görə gəlmisiniz Qəbələyə? Nə böyük iş olub ki? Gedək problemi olan insanları çəkin, itə görə də şikayət edərlər? Ayıbdır, belə şeyləri çəkib kəndimizin adını batırmayın”, – deyən müəllim hadisənin işıqlandırılmasına etiraz edib.

file (1).jpg
Nicat İsmayılov


Polis şikayətçilərin ərizə və izahatlarını qəbul edib

Aktivistlər Qəbələ Rayon Polis İdarəsinə gedərək görüntülərin aptek rəhbərliyindən istənilməsini və iti öldürmək istəyən şəxsin məsuliyyətə cəlb olunmasını tələb ediblər.

Polis şikayətçilərin ərizə və izahatlarını qəbul edib.

“Gözləmədiyimiz dərəcədə bizi xoş qarşıladılar. Deyəsən, gələcəyimizdən xəbərləri var imiş. Polisə əliboş getmədik ki, bizi yola verməsinlər. Əlimizdə kamera görüntüləri var idi. Ərizəmizi və izahatımızı yazdıq. Söz verdilər ki, məsələni araşdırıb bizə məlumat verəcəklər”, – deyə Aynur Babazadə bildirib.

Qəbələ Rayon Polis İdarəsindən verilən məlumata görə, iti öldürmək istəyən şəxs müəyyən edilib və məsuliyyətə cəlb olunub. Lakin onun kimliyi barədə məlumat verilmir.

İtləri öldürən və ya şikəst edən şəxsi 500 manata qədər çərimələnmə gözləyir

Heyvan Hüquqları Müdafiəçiləri Azərbaycanda heyvanlara qarşı amansız rəftar olunmasına görə həbs cəzasının olmamasından narazıdırlar:

"Qonşu Gürcüstanda və Türkiyədə buna görə həbs cəzası var, Azərbaycanda isə heyvanlara qarşı cinayətlər Cinayət Məcəlləsi ilə tənzimlənmir. Bizim tələbimiz odur ki, heyvanları öldürənlərə qarşı cəzalar sərtləşdirilsin”.

“Rayonlarda yaşayanlar deyir ki, siz Bakıda oturub rahat-rahat danışırsınız, amma bizim küçələrdə ilər sürü ilə gəzir, uşağı çölə buraxmağa qorxuruq. Rayon sakinləri elə düşünür ki, itləri öldürərək onların sayını azalda bilərlər. Əslində isə iti öldürməklə saylarını azaltmaq doğru üsul deyil. İtləri qısırlaşdırmaq lazımdır. Beləcə, itlərin sayı nəzarətə alına bilər”, – deyə Nicat İsmayılov itlərin sayını mədəni üsul ilə azaltmağın alternativ yolunu təklif edib.

Hüquqşünas Xalid Bağırov itləri öldürmək istəyən şəxsin İnzibati Xətalar Məcəlləsinin 274-cü “heyvanlarla rəhmsiz rəftar edilməsi” maddəsi ilə məsuliyyətə cəlb ediləcəyini bildirib. Bu maddəyə görə heyvanlar ilə amansız davranan, onları öldürən və ya şikəst edən şəxsi 500 manata qədər çərimələnmə gözləyir.

Ana səhifəSosial“İti iynə batırılmış çörək yedizdirərək öldürmək vicdansızlığın son həddidir”