İtən alpinistin anası prezidentə müraciət etdi

”Axtarışların bir az da gücləndirilməsini rica edirəm”

Source:


”Axtarışların bir az da gücləndirilməsini rica edirəm”

“Gün keçdikcə, dizlərim bükülür, dözə bilmirəm”.

Dekabrın 23-də itkin düşən “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvü Babur Hüseynovun anası Gülxanım Hüseynovanın sözləridir.

Ana oğlunun axtarışı ilə bağlı prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva müraciət edib.

“Baburla dekabrın 23-ü, saat 11:30-da telefonla əlaqə saxlamışıq. Xınalıqda olduğunu dedi. Dekabrın 24-ü saat 16:26-da “WhatsApp”-la əlaqə saxlayaraq hər şeyin yaxşı olduğunu yazdı. Evdə demişdi ki, 25-i qayıdacaq. Qayıtmadığı üçün dekabrın 26-sı səhər saatlarında Xətai rayon 37-ci polis bölməsinə yazılı müraciət etdik”.

G.Hüseynova bildirir ki, axtarışlar müxtəlif qurumlar tərəfindən aparılır, əllərindən gələni edirlər:

“Hamısına çox təşəkkür edirəm. Amma ana ürəyi dözmür. Hər keçən dəqiqə vaxtın əleyhimizə işlədiyini düşünüb, hansı dəhşətli hisslər yaşadığımı sözlə ifadə edə bilmirəm. Valideyn olaraq məni yaxşı anladığınızı bilirəm.

Cənab prezidentim, hörmətli vitse-prezidentim, sizdən məsələnin birbaşa nəzarətinizə almağı, axtarışların bir az da gücləndirilməsini rica edirəm. Ailəmiz pərişandır. Hər an xəbər gözləyirik. Günlər keçdikcə, dizlərim bükülür”.

Ana bildirir ki, Tufandağa səfərbər olunan dəstələrin əllərindən gələni etdiyini bilir. Buna görə aidiyyatı qurumlara, könüllülərə təşəkkür də edir:

“Əminəm ki, ən qısa zamanda sizin xüsusi nəzarətinizin bəhrəsi olaraq lazım olan bütün tədbirlər görüləcək. Biz analar da ağlamaqdan gözümüzdə yaş qoymayan balalarımıza qovuşacağıq”.

İtkin düşən gənclər “Gilavar” Hava və Ekstrim İdman klubunun üzvləri, alpinistlər Babur Vaqif oğlu Hüseynov, Namin Nizami oğlu Bünyatzadə və Fəridə Cəbiyulla qızı Cəbrayılzadədir.

Onlar haqqında rəsmi məlumat dekabrın 26-da yayılıb. Həmin gün axşam saatlarında FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olduğu

bildirilir.

Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb. Bildirilir ki, FHN-in aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.

Qərargaha Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyev rəhbərlik edir.

Şahin Mirzəyev APA-ya açıqlamasında deyib ki, yanvarın 2-də əlverişsiz hava şəraiti ilə əlaqədar axtarış – xilasetmə işləri bir neçə saatlıq

dayandırılıb

:

“Çünki ərazidə çovğundur, qarın qalınlığı 30-40 santimetrə çatır. Hava şəraiti düzələn kimi axtarış işləri davam edəcək.

2-3 metr məsafəni görmək mümkün deyil. Əslində bu gün helikopterlə əraziyə əlavə qüvvələr cəlb etmək istəyirdik. Əlverişsiz hava səbəbindən heç helikopter də qalxa bilmədi. Hava şəraiti çox pisdir, göz gözü görmür. Elə anlaşılmasın ki, axtarış – xilasetmə işləri birdəfəlik dayandırılıb. Hava şəraiti düzələn kimi axtarış – xilasetmə işləri dərhal bərpa olunacaq”, – deyə qərargah rəisi vurğulayıb.

Ana səhifəXəbərlərİtən alpinistin anası prezidentə müraciət etdi