İtalyanlar ”TAP” layihəsinə ”yox” deyir


İtaliya polisi Azərbaycan qazını Avropaya nəql edəcək TAP qaz kəmərinin çəkilişi üçün bir əsr yaşı olan zeytunluğun məhv edilməsinə etiraz edən ətraf mühit fəallarının aksiyasını dağıdıb

İtaliya Avropanın Rusiya qazından asılılığını aradan qaldırmalı olan Transadriatik kəməri tikintisinin son mərhələsidir. Bazar ertəsi İtaliyanın ən yüksək məhkəmə instansiyası Apuliyada yerli hakimiyyət orqanlarının etirazına baxmayaraq TAP kəmərinin çəkilişinə yaşıl işıq yandırıb, bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.

Martın 28-də 50-dək etirazçı yerə uzanaraq bura gətirilən ekskavator və maşınların yolunu kəsməyə çalışırdı.

Polis bundan əvvəl 300 etirazçının qurduğu piketi də dağıdıb.

Cənub Qaz Dəhlizinə daxil TAP kəməri 2020-ci ilədək 10 milyard kubmetr Azərbaycan qazını dənizkənarı Apuliya rayonunun balaca San Foka şəhərinə gətirməlidir.

Kəmər inşaatçıları 10 minədək zeytun ağacını bir il bundan əvvəl köçürməli idilər, lakin ətraf mühit fəallarının etirazları buna mane olurdu.

TAP-ın sözçüsü bildirib ki, martın 28-də bu ərazidən 30 zeytun ağacı çıxarılıb. Ötən həftə 33 ağac çıxarılmışdı.

Reuters yazır ki, əgər ağaclar aprel ayınadək çıxarılmazsa, bundan sonra onların 6 aylıq müddətdə vegetasiya dövrü başlanacaq. Həmin vaxt ağacların köçürülməsi dayandırılmalı olacaq.

Belə olarsa, TAP konsorsiumu işləri noyabr ayınadək təxirə salmalı olacaq.

Ana səhifəVideoİtalyanlar ”TAP” layihəsinə ”yox” deyir