İt və Fidel

Bu mənada Fidel Kastronun ölümünə sevinmək olduqca mənasız bir şeydir, diktaturaya deyil, diktatorun bədəninə yönəlmiş düşmənçilik hissinin atəşfəşanlığıdır

Source:

Günel Mövlud
Günel Mövlud
Günel Mövlud – Banner
Günel Mövlud – Banner

Əstagfirullah, mən bu gün dunyasını dəyişmiş Kuba liderini təhqir etmək fikrindən uzağam. Yazımda, doğrudan da, elə bu gün sosial şəbəkələrdə şəklini görüb hiddətləndiyim itdən də yazmaq istəyirəm. Bu iki hadisəni bağlayan şeylər isə bu iki informasiyanı eyni gündə almağımdan doğan hisslər oldu.

Tarix göstərdi ki, Vatslav Havel “Diktaturanın ömrü diktaturanı quranın ömrü qədərdir” fikri özünü doğrutmur. Kədərlidir, amma belədir. Dünyada “bənna diktatoru” ölüb gedəndən sonra ömrü davam edən diktaturalar da oldu və var, diktatoru devirib yerində yenisini düzəldənlər də. Dünyaya baxanda acınacaqlı bir mənzərə görürük, diktatoru devrilmiş İranda hakimiyyətə gələnlərmi daha az qəddar oldu, yoxsa ölən diktatorun yerinə başqasını gətirən türkmən xalqımı ağ günə çıxdı, yoxsa İslam Kərimovun ölümü ilə özbək xalqı xilas oldu, yoxsa İlham Əliyevin dövründə insanlar Heydər Əliyevin dövrünə nisbətən yaxşı yaşadılar?

Bu mənada Fidel Kastronun ölümünə sevinmək olduqca mənasız bir şeydir, diktaturaya deyil, diktatorun bədəninə yönəlmiş düşmənçilik hissinin atəşfəşanlığıdır. Zira, faciələri, insan qətllərini, xaosu, dəhşətləri törədən diktatorların dili, əlləri, beyni deyil, ona verilmiş güc və hakimiyyətdir. Hakimiyyəti əlindən alınan Rza Şahmı təhlükəli idi ölkəsindən qaçandan sonra, yoxsa taxtından salınmış Qəddafi? Diktatorlar hakimiyyətləri və gücləri ilə dəhşətli və qorxuludurlar, onların bədənlərinin ölməsinin, ya sağ qalmasının heç bir fərqi yoxdur.

Fidel öldü, amma onun qurduğu sistem çökməyənə qədər Kubada insnalar rifah içində yaşamayacaqlar. Türkmənbaşı öldü, amma dəyərləri, baxışları, iqtidarları dəyişməyən tükrmənlər onun yerinə heç nəyi ilə fərqli olmayan Arxadağ gətirdilər. Diktator Stalin ölmüşdü, amma repressiyalar, həbslər, qovulmalar davam edirdi. Bu mənada, yazıq diktatorluq bir şey yoxdur. Diktatorun diktatorluq edə biləcəyi və edə bilməyəcəyi şərtlər var. Bu şərtlərin adı cəmiyyətin dəyərləri, iradəsi, intellekual səviyyəsi, inadı, əzmidir. Yalnız qətlə haqq qazandıran, zorakı bir toplumda diktator milyonları qətlə yetirə bilər. Yalnız oğurluğa haqq qazandıran ölkədə diktator korrupsiya mexanizmini işə sala bilər. Yalnız rüşvət faktını qəbul edən toplumda diktatorun məmurları rüşvət ala bilər. Bu mənada, doğrudan da, hər bir diktator hakimiyyətə xalqın iradəsi ilə gəlir və hakimiyyətdə də xalqın iradəsi ilə qalır…

Əslində, bu gün nə Fidelin ölümü, nə də diktatura barədə yazmaq fikrim var idi. Məni buna şəklini sosial şəbəkələrdə gördüyüm bir itin halı sövq elədi. Azərbaycanda bir restoranın həyətində dolaşan küçə itinin üstünə qaynar su töküb yandırıblar. Elə restoranın öz işçiləri. Yəni qabyuyan, aşpaz, ya ofisiant, ya da lap olsun restoran sahibi. Düşünün, bir itin üstünə bir adam niyə qaynar su töksün ki? Onun hisslərini, hərəkətlərini bu halda nə idarə edir, o nə üçün bunu edir? Çox sadə bir şeyə görə. Onun bu itin üstünə qaynar su tökməyə gücü çatır. Mən gözümü açandan pişiyə təpik ilişdirən, uşağı qapazlayan, arvadını döyən, gəlini qulluqçu kimi işlədən, özündən vəzifəcə aşağıda olanı, özündən kasıbı gücü çatan qədər təhqir edən, alçaldan insanların arasında yaşamışam.

İndi bu adamlar, yəni sizmi Fidelin ölümünə sevinirsiniz? Siz, gücü itə çatanda itin üstünə qaynar su töküb yandıran insanlar, gücü minlərin ölümünə fərman vermətə çatan adamın ölümünə sevinir, onun qəddarlığından yazır, daha nə bilim nələr. Fidel qəddar idi, diktator idi, qatil idi, bu heç, razıyam, amma onun yenə bəhanəsi vardı ki hakimiyyətini, ölkəsini qorumaq üçün bunu edir. Bəs gücü bir itə, bir pişiyə, bir uşağa, bir kasıba, bir qadına çatanda yandıran, döyən, alçaldan insanlar? Onlar nəylə izah edirlər bu qəddarlıqlarını?Fideldə və gəlmiş-getmiş bütün diktatorlarda olan hakimiyyət, güc, ordu, silah, pul bu adamlarda olsaydı, nə edirdilər?

Problem nə Fideldədir, nə it yandıran adamlarda, problem bir insanın başqa insan, bir canlının başqa canlı üzərində hakimiyyət, güc əldə etməsində və bu hakimiyyətdən, bu gücdən nəzarətsiz, tənqidsiz bir şəkildə istifadəsindədir.

Dünyada bütün diktatorlar bir gün öləcək. Amma Volterləri, Erazmları, Russoları, Rableləri, Hüqoları və onlarla başqa humanistləri doğulmayana, xalqları öz humanistlərinə sahib çıxmayana qədər ölkələr ağ günə çıxa bilməyəcək. Çünki dəhşətləri, zülmləri, faciələri bitirən gücün və güclülərin ölümü  deyil, dəyərlərin doğulmasıdır.

Ana səhifəXəbərlərİt və Fidel