“Sənət qəzeti”nin baş redaktoru vaxtilə yazar Rafiq Tağının məqaləsinə görə həbs edilmişdi
“Sənət qəzeti”nin təsisçisi və Baş redaktoru Samir Sədaqətoğlu İsveçrə Konfederasiyasında siyasi mühacir statusu alıb.
Bu barədə Samir Sədaqətoğlu özü məlumat verib.
2006-cı ildə "Sənət qəzeti"ndə dərc edilmiş "Avropa və biz" məqaləsinə görə yazar Rafiq Tağı və qəzetin Baş redaktoru Samir Sədaqətoğlu (Hüseynov) həbs edilmişdi.
Yazıçı-publisist Rafiq Tağının sözügedən məqaləsində islam dini və Məhəmməd peyğəmbər haqqında bəzi fikirlər yer alıb. Həmin məqalənin dərcindən sonra Rafiq Tağı və Samir Sədaqətoğlunun Məhəmməd peyğəmbəri təhqir etmələri iddia olunub.
"Avropa və biz" yazısında islam və xristianlıq mənəviyyat və humanizm nöqteyi-nəzərdən və bəşəriyyətin inkişafı konteksindən müqayisə olunur. Məqalə dərc edildikdən sonra hər iki şəxsə qarşı dini inanclılar tərəfindən təzyiqlər başladı. O vaxt yerli media yazırdı ki, Nardaran icması və İranın bir neçə ali dini ruhanisi – Ayətullahlar Məhəmməd Fazil Lənkərani, Mürtəza Bəni Fəzl və Möhsün Müctəhid Şəbistəri tərəfindən Rafiq Tağı və Samir Sədaqətoğlunun qətlə yetirilməsi ilə bağlı ölüm hökmü fətvası verilib.
Hər iki yazar 2006-cı ilin noyabrında həbs edildilər. Onlar Cinayət Məcəlləsinin 283-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsinin tələblərini pozmaqda təqsirli bilinirdilər. Məhkəmə Rafiq Tağını 3 il, Samir Sədaqətoğlunu isə 4 il müddətinə azadlıqdan məhrum etdi. Ancaq 2007-ci ildə Rafiq Tağı ölkə başçısının Əfv Sərəncamı ilə azadlığa buraxıldı.
2011-ci il noyabrın 19-da naməlum şəxslər Rafiq Tağını bıçaqladı. Bir neçə bıçaq zərbəsi alan Rafiq Tağı əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmadı, 4 gün sonra vəfat etdi.
Əməliyyatdan sonra vəziyyəti bir müddət stabilləşən yazıçı jurnalistlərin suallarını cavablandırarkən hücumun oğurluq motivli olduğuna inanmadığını, yazdığı "İran və Qloballaşma qaçınılmazlığı" məqaləsi ilə bağlı ola biləcəyini qeyd etmişdi.
Bu cinayətin üstü hələ də açılmayıb. Bununla bağlı şikayət AİHM-də hal-hazırda kommunikasiya prosesindədir.
5 dekabr 2019-cu il tarixində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mərhum Rafiq Tağının və Samir Sədaqətoğlunun (Hüseynov) şikayəti – “Rafiq Tağı və Samir Sədaqətoğlu Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.
Avropa İnsan Hüquqları Məhkəməsi bu məsələdə İnsan Haqları üzrə Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozulduğunu bildirib. AİHM-ə şikayətdə deyilirdi ki, dövlət hər iki məhkumun etiqad və ifadə azadlığına müdaxilə edib.
Məhkəmə Azərbaycan hökumətinin üzərinə Rafiq Tağının ailəsinə və Samir Sədaqətoğluna maddi təzminat ödəmək öhdəliyi qoyub.