İsveç Ukraynaya 100 milyon dollar yardım ayıracaq

Maqdalena Andersson. Mənbə: Alexandros Michailidis/shutterstock

Maqdalena Andersson: “Ukrayna Aropa dəyərlərini və beynəlxalq nizamı qoruyur”

İsveçin Baş naziri Maqdalena Andersson Ukraynaya 1 milyard İsveç kronu (təxminən 100 milyon dollar) dəyərində yeni yardım paketi təqdim edəcəyini açıqlayıb.

Baş nazir bu barədə Stokholmda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə keçirdiyi mətbuat konfransında bildirib.

“Biz Rusiyanın ədalətsiz və əsassız müharibədə qalib gəlməsinə imkan verə bilmərik. Siz özünüzü və ölkənizi qoruyursunuz, eyni zamanda, bizim ümumi Avropa dəyərlərimizi və qaydalara əsaslanan beynəlxalq nizamı da qoruyursunuz”, – deyə Andersson söyləyib.

Baş nazir Ukraynanı dəstəkləməyin onların şərəf borcu olduğunu bildirib:

“Buna görə də hökumətim Ukraynaya bir milyard İsveç kronu, yəni təxminən 100 milyon dollar məbləğində yeni yardım paketi verəcək”.

Maqdalena Anderssonun sözlərinə görə, paketin yarısı Ukraynaya hərbi dəstəkdir:

“Bura Ukrayna hökumətinin tələb etdiyi silahlar daxildir. İkinci hissə Ukrayna iqtisadiyyatına, dayanıqlılığa və bərpaya dəstək vermək məqsədi daşıyır”.

O, İsveçin artıq evlərini itirmiş ukraynalılar üçün müvəqqəti sığınacaqların tikintisi ilə məşğul olduğunu vurğulayıb:

“Bundan əlavə, İsveç Ukrayna taxılının ixracını asanlaşdıracaq”.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaİsveç Ukraynaya 100 milyon dollar yardım ayıracaq