İstisudan video paylaşan erməni bloger Bakı məhkəməsində ifadə verdi

Dindirmə zamanı Gevorg Sujyan bildirib ki, 2018-ci ildə “Yeni Ermənistan Vətən” adlı diaspora təşkilatını təsis edib.

Source: Specify Source


“Mən də həbs olunmaqdan qorxduğum üçün onlarla əməkdaşlığa söz verdim və iltizama qol çəkdim”

Erməni bloger Gevorq Sujyan və David Davtyanın Bakıda məhkəməsi başlayıb. Onlar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə mühakimə olunur.

İyulun 26-da məhkəmədə prokuror ittiham aktını elan edib. Orada yazılanlardan məlum olur ki, Gevorq Sujyan Rusiya, David Davtyan isə Ermənistan vətəndaşıdır. Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslər 2019-cu ildə Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunublar. 2020-ci ilin sentyabrında onlar Ermənistan xüsusi xidmət orqanlarına ötürmək məqsədilə Azərbaycanla bağlı hərbi məlumatları toplamaq üçün Qarabağ bölgəsinə gəliblər. Orada silah-sursat əldə ediblər. Azərbaycan ordusuyla bağlı müəyyən məlumatları əldə edib ötürüblər. 2020-ci il noyabr 11-də növbəti dəfə Laçın dəhlizi ilə Şuşaya gələrkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıblar.

Gevorq Sujyan və David Davtyana qarşı Cinayət Məcəlləsinin 228 (qanunsuz silah-sursat saxlama), 276 (casusluq), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların tərkibində iştirak) və 318 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Prokuror ittihamı elan edəndən sonra hakim təqsirləndirilən şəxslərə məlumat verib ki, bu maddələrdə 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Təqsirləndirilən şəxslər casusluq, qanunsuz silahlı birləşmələrin tərkibində iştirak və qanunsuz silah saxlama ittihamlarını qəbul etməyiblər. Onlar bildiriblər ki, özləri də bilmədən Azərbaycan ərazisinə keçiblər. Sujyan və Davtyanın dediyinə görə, onlar Laçın dəhlizində saxlanılıblar. Hətta rus sülhməramlılar erməni olduqlarını bildikləri halda, onlara keçməyə icazə verib. Bu üzdən Azərbaycan ərazisində olduqlarını bilməyiblər.

Bloger Gevorq Sujyan ifadəsində bildirib ki, 2020-ci ildə müharibə başlayandan sonra o, yardımların toplanıb, hərbçilərə, cəbhə bölgəsində yaşayan mülki şəxslərə çatdırılmasına yardım edirdi. Bütün bu işləri də “Facebook” səhifəsindən paylaşırdı. Təqsirləndirilən şəxs deyir ki, saxlanılan vaxt da David Davtyanla birlikdə Xankəndiyə humanitar yardım aparırdılar: “Bizi Şuşaya gedəndə yox, Laçın dəhlizində saxlayıblar. Bundan əvvəl də yardımlar eləmişdim, bu barədə jurnalistlərə açıqlamalarım vardı. “Facebook” səhifəmdən paylaşımlarım olmuşdu. Noyabrın 10-da imzalanan aktdan sonra da Xankəndiyə yardım aparmaq qərarına gəldik. Oradan bizə yardım üçün müraciət çox idi. Ayın 11-də Laçın dəhlizindən rus sülhməramlıların yanından keçdik. Onlar bizim maşınımızı yoxladılar. Hətta biz onlardan soruşduq ki, keçə bilərik? İcazə verdilər. Ona görə yolumuza davam elədik. Bir qədər gedəndən sonra Azərbaycan bayrağı göründü, onda dayandıq. Elə bu zaman bizi tutdular”.

Dindirmə zamanı Gevorg Sujyan bildirib ki, 2018-ci ildə “Yeni Ermənistan Vətən” adlı diaspora təşkilatını təsis edib. Heç vaxt xüsusi xidmət orqanlarıyla əməkdaşlıq etmədiyini vurğulayan təqsirləndirilən şəxs cinayət işinin materiallarında bəhs olunan Artakdan da danışıb. Deyib ki, onu tanıyır, amma xüsusi xidmət orqanınının əməkdaşı kimi yox: “Mən onu Rusiyada yaşayan ermənilərin təşkilatının rəhbəri kimi tanımışam”.

Digər təqsirləndirilən David Davtyanla 2020-ci ilin yay aylarında tanış olduğunu deyən Gevorq Sujyanın sözlərinə görə, yardımları onunla birlikdə aparıblar: “Silah-sursatdan istifadə etməmişəm. Lakin bir dəfə döyüş bölgəsində əsgərdən silahını alıb şəkil çəkdirmişəm”.

David Davtyan da oxşar məzmunlu ifadə verib.

Onların istintaqdakı ifadələrilə məhkəmədə dedikləri arasında kəskin ziddiyyətlər yaranıb.

Uzun müddət ailəliklə Sankt-Peterburqda yaşamış, orada ali təhsil almış Gevorq Sujyanın istintaqdakı ifadəsində yazılıb ki, o, 2019-cu ildə yaz aylarında Ermənistan xüsusi xidmət orqanının Artak adlı əməkdaşı onunla görüşüb, rəhbərlik etdiyi təşkilatda pul köçürmələrilə bağlı problem olduğunu deyib. Onu həbslə hədələyib, eyni zamanda, əməkdaşlıq qarşılığında həbsdən yayına biləcəyini təklif edib.

“Mən də həbs olunmaqdan qorxduğum üçün onlarla əməkdaşlığa söz verdim və iltizama qol çəkdim. O, müxtəlif vaxtlarda mənə tapşırıqlar verəcəyini dedi. 27 sentyabr 2020-ci ildə müharibə başlayandan sonra Artak mənə zəng edərək görüşməli olduğumuzu dedi. Səhəri gün kafedə görüşdük. O, mənə vəziyyətin pis olduğunu və Ermənistanın mənim kimi oğlanlara ehtiyacı olduğunu bildirdi. Mən özüm də silahlı birləşmələrdə iştirak etmək istədiyimi dilə gətirdim. O, mənə tapşırıq verdi ki, döyüş bölgəsində Azərbaycan ordusunun olduğu mövqelər, sayı və s. məlumatları toplayıb, ona deyim. Mən məcbur qalıb onunla razılaşdım”, – istintaqdakı ifadədə belə yazılıb.

Təqsirləndirilən şəxslər istintaqdakı ifadələri təsdiqləməyiblər. Onlar belə ifadə vermədiklərini bildiriblər.

Məhkəmə prosesi iyulun 28-də davam edəcək.

Gevorq Sujyan noyabrın əvvəlində Kəlbəcərdən – İstisudakı su hövzəsindən dostu ilə birlikdə video çəkib paylaşmış, orada azərbaycanlıların ünvanına aşağılayıcı fikirlər səsləndirmişdi.

“Biz indi İstisuda üzürük. Tezliklə Bakıya gəlib, Xəzərdə də üzəcəyik…”, – onun sözügedən videoda səsləndirdiyi fikirlərdən biridir.

Bu videonu sonradan “Facebook”da onun səhifəsindən minlərlə başqa istifadəçi də paylaşmışdı.

Ana səhifəSiyasətİstisudan video paylaşan erməni bloger Bakı məhkəməsində ifadə verdi