“İstintaq şöbəsinin rəisi məni döyərək, torpaqları keçmiş şərikimə verməyimi tələb etdi”

Qusarlı fermer: “Həmdulla öz həyat yoldaşının qohumlarına pul verərək istintaqda üzümə durmalarına nail oldu”

Source: Meydan Tv


Qusarlı fermer: “Həmdulla öz həyat yoldaşının qohumlarına pul verərək istintaqda üzümə durmalarına nail oldu”

Qusar rayonundan olan fermer, Quxuroba kənd sakini, Ayven Şamuradovun şikayəti Qusar Rayon Prokurorluğundan və Qusar Rayon Polis Şöbəsindəndir. Ayven Şamuradov hər iki qurumda ona qarşı başlanılmış cinayət işinin qərəzli olduğunu iddia edir.

Ayven Şamuradovun sözlərinə görə, 4 il əvvəl Rusiya Federasiyasının vətəndaşı olan yaxın qohumu Həmdulla Kadırov Qusarda olarkən, ona şərikli biznes qurmağı təklif edib. O, Ayven Şamuradova təklif edib ki, ikinciyə məxsus olan torpaqdan 400 ədəd fındıq, 200 ədəd gilas ağaclarını çıxararaq yerində şərikli alma bağları yaratsınlar. Ayven Şamutarov təklifi qəbul edib, özünə məxsus fındıq və gilas bağlarını ləğv edərək yerində alma bağı yaradıb. Alma bağları ilə yanaşı yaxın qohumu Ayven Şamuradova məxsus olan digər torpaq sahəsində ferma yaratmaq fikrində olduğunu bildirib. Şərikli şəkildə vəsait xərcləyərək bu fermanı da yaradıblar. Ayven Şamuradov heyvanlara baxım üçün müxtəlif tikililər, yem bazası, heyvanlara baxan işçilərin qalması üçün fərdi yaşayış evi də tikib. Meyvə bağından və fermadan gələn gəlirlər təsərrüfatların inkişafına xərclənib.


“Məni şərləyir, torpaqlarımı ona verməyimi tələb edir”

“Bu ilin fevral-mart aylarında Həmdulla Rusiyadan gələrək orada ciddi problemlərinin yarandığını, təcili pula ehtiyacı olduğunu dedi. Məndən fermadakı heyvanların satılmasını xahiş etdi. Mən bütün cins heyvanları (inək) satdım, meyvə bağından gələn gəlirləri, üstəlik, banklardan götürdüyüm kreditləri toplayıb ailə üzvlərimin iştirakıyla ona 287 min manat verdim. O, pulu götürüb Rusiyaya qayıtdı. 1 həftədən sonra yenə gəldi, bildirdi ki, guya o, mənə bu bizneslə bağlı 780 min manat verib. Mənə məxsus olan bağın və fermanın yerləşdiyi torpaq sahələrini ona verməyimi tələb etdi. Halbuki, o, şərikli biznes qurduğumuz müddət ərzində bu biznesin inkişaf etdirilməsinə 780 min manat yox, ümumilikdə 220 min manat xərcləmişdi. Bundan sonra aramızda narazılıqlar başlandı, Həmdulla dəfələrlə evimə özlərini Rusiyadakı kriminal çevrələrin üzvləri kimi təqdim edən Rza və Zabir adlı adamları göndərdi, onlar məni bıçaqla hədələdilər və Həmdullanın tələblərini yerinə yetirməyimi tələb etdilər. Bu hədə-qorxular da nəticə vermədikdə, Həmdulla və onun Rza adlı dostu mənə görə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Qusar rayon şöbəsinə müraciət etdi”.


“İstintaq şöbəsinin rəisi məni saatlarla şöbədə saxlayaraq döyüb”

Ayven Şamuradov deyir, DTX bu işə baxmaqdan imtina edəndən sonra yaxın qohumu və Rza adlı şəxs ondan Qusar Rayon Prokurorluğuna şikayət edib. Prokurorluq da materialları araşdırılması üçün Qusar Rayon Polis Şöbəsinə göndərib:

“Əsl həngamə də bundan sonra başladı. Həmdulla və Rza Qusar rayonunda hamıya, “biz Ayvendən alacağımız torpaqların satışından əldə edəcəyimiz gəlirin 30 faizini polisə, prokurorluğa verib onu həbs etdirəcəyik” kimi söhbətlər yaymağa başladılar. Polis şöbəsinin istintaq bölməsinin rəisi məni dəfələrlə döyərək, bir dəfə 9, bir dəfə isə 8 saat müvəqqəti təcridxanada (İVS) saxladı. O, məndən torpaqlarımı Həmdullaya verməyi tələb edirdi. Həmdulla öz həyat yoldaşının qohumlarına pul verərək istintaqda üzümə durmalarına nail oldu. Ancaq sonradan həmin adamların dördü polis şöbəsinə ərizəylə müraciət edərək, onlara pul verildiyini, əslində məni tanımadıqlarını bildirdilər. Şöbənin Ümid adlı müstəntiqi bunu araşdırmaqdansa, Hamdullaya dəstək məqsədilə həmin adamların ifadələrini iş materiallarının arasından ləğv etməklə kifayətləndi”.


“Ölkəyə saxta sənədlə gəlib-gedirmiş”

Ayven Şamuradov iddia edir ki, Həmdulla Kadırov Rusiyadan Azərbaycana saxta sənədlə gəl-get edib:

“Həmdulla fermanın ərazisində yerləşən evdə qalarkən gizlətdiyi sənədlər təsadüfən əlimə keçdi. Sənədləri araşdırarkən onun Azərbaycana qanunsuz yolla gəldiyini öyrəndim. Belə ki, o, Rusiya Federasiyasının vətəndaşı olduğundan, sərhədlərin bağlı olduğu fevral-mart aylarında karantin qaydalarına görə Azərbaycana gələ bilməzdi. Buna görə də yaşadığı Moskva şəhərində Azərbaycan vətəndaşı olan bir xanımın şəxsiyyət vəsiqəsini hansısa yolla əldə edərək, komputer proqramları vasitəsilə özünə 2009-cu ilə aid saxta nikah şəhadətnaməsi düzəldib. Onu hansısa yolla Moskva şəhərindəki notariuslardan birində təsdiqlədib. Vəkilim həmin sənədi araşdırıb, həmin xanımı taparaq əlaqə saxladıqdan sonra məlum olub ki, həmin xanım 2009-cu ildə atasının soyadında olub, 2013-cü ildə ailə həyatı qurarkən həyat yoldaşının soyadını qəbul edib. Ancaq Həmdullanın düzəltdiyi 2009-cu il tarixli saxta nikah sənədində xanımın soyadı hazırkı soyadına – yəni ərlik soyadına uyğundur. İş orasındadır ki, müstəntiq bu boyda saxtakarlığı işə əlavə etmir. Törətdiyi cinayətlərə görə hazırda Rusiyada axtarışda olan Həmdullanın az qala vəkili kimi aparır özünü…”


“İstintaq davam edir”

Qusar Rayon Polis Şöbəsindən bildirilib ki, Cinayət Məcəlləsinin 178.4 (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaqı şöbənin müstəntiqi Ümüd Xankişiyev aparır. Ayven Şamuradovun ifadəsi alınıb, şahidlər dindirilib, tərəflərin üzləşdirilməsi keçirilib. İstintaq hərəkətləri davam etdirilir və hüquqi qiymət istintaqın sonunda veriləcək. Şöbədən bildirilib ki, Ayven Şamuradovun burada döyülməsi və qanunsuz saxlanması ilə bağlı dedikləri həqiqəti əks etdirmir və cəfəngiyyatdır. Həmdulla Kadırovun Rusiyada cinayət törətməsi və axtarışda olması barədə hər hansı məlumat yoxdur.

Ayven Şamuradov deyir, o, Qusar rayonundakı hüquq-mühafizə orqanlarına inanmır. Ona görə də həm Baş prokurordan, həm də daxili işlər nazirindən məsələni nəzarətə götürmələrini istəyir.

Ana səhifəBölgə“İstintaq şöbəsinin rəisi məni döyərək, torpaqları keçmiş şərikimə verməyimi tələb etdi”