İstintaq qrupunun rəhbəri Əli Babayev məhkəməyə dəvət edilib

Jurnalist İzolda Ağayevanın ölkədən çıxışına qoyulmuş qadağa ilə bağlı məhkəmə prosesi davam etdirilib

Source:
İzolda
İzolda


Jurnalist İzolda Ağayevanın ölkədən çıxışına qoyulmuş qadağa ilə bağlı məhkəmə prosesi davam etdirilib

İyunun 10-da Nəsimi rayon Məhkəməsində jurnalist İzolda Ağayevanın ölkədən çıxışına qoyulmuş qadağanın qanunsuz sayılması ilə bağlı məhkəmə prosesi davam etdirilib. Bu barədə Meydan TV-yə danışan jurnalistin vəkili Yalçın İmanovun sözlərinə görə, hakim Babək Pənahovun sədrliyi ilə keçən prosesdə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin nümayəndəsi Orxan Hacıyev iştirak edib.

Prokurorluğun nümayəndəsi bildirib ki, jurnalistin ölkədən çıxışına idarədə Meydan TV-nin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işi çərçivəsində istintaq zərurəti ilə əlaqədar məhdudiyyət qoyulub.

Nümayəndə deyib ki, Meydan TV ilə bağlı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətindən sui-istifadə maddələri ilə cinayət işi açılıb.

O.Hacıyev deyib ki, bu cinayət işi Mingəçevir polis şöbəsində yerli sakin Bəhruz Hacıyevin ölümü ilə bağlı açılmış cinayət işindən ayrılılıb.

Nümayəndə bildirib ki, həmin vaxt Meydan TV ölüm işi ilə bağlı istintaq sirrini təşkil edən bir sıra məlumatları yayıb: “İzolda Ağayeva da şahid qismində dindirilib, istintaq zərurəti ilə əlaqədar onun ölkədən çıxışına məhdudiyyət qoyulub”.

Vəkil deyir ki,  nümayəndəyə ünvanladığı bir sıra sualları O.Hacıyev cavablandıra bilmədiyindən Meydan TV ilə başlanmış cinayət işinin istintaq qrupunun rəhbəri Əli Babayevin məhkəməyə dəvət edilməsi səbəbilə proses iyunun 21-nə təxirə salınıb.

İzolda Ağayeva ötən ilin sentyabr və oktyabr aylarında bir neçə dəfə Baş Prokurorluğun istintaq idarəsində və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində mərkəzi ofisi Almaniyada yerləşən Meydan TV ilə bağlı dindirilib.

21 mart 2016-cı ildə magistratura təhsili almaq üçün Gürcüstandan keçməklə Türkiyə Cümhuriyyətinə getmək istəsə də, onun “Sınıq Körpü” sərhəd keçid məntəqəsindən buraxmayıblar.

Jurnalistin vəkilinin sorğusuna cavabda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin cavab məktubunda deyilir ki, idarənin icraatında olan 152006048 №-li cinayət işinin istintaq zərurəti ilə əlaqdar Ağayeva İzolda Heydər qızının sərhəd keçməsinə “Qadağandır” statusu ilə məhdudiyyət qoyulub.

Ana səhifəXəbərlərİstintaq qrupunun rəhbəri Əli Babayev məhkəməyə dəvət edilib