Baş Prokurorluq: Əli Abbasova qarşı cinayət işi açılmayıb
Keçmiş nazir ifadəsində deyib ki, nazirliyin ayrı-ayrı subyektlərindən, eləcə də strukturuna daxil olmayıb tabeliyində olan təşkilatlardan özünün ümumi məlumatı əsasında aylıq olaraq vəsaitlər toplanılıb.
Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin işi üzrə sabiq nazir Əli Abbasov ibtidai istintaqa ifadə verib.
APA-nın istintaq materiallarına istinadən yaydığı məlumata görə, iş üzrə şahid qismində dindirilən Əli Abbasov deyib ki, nazirliyin ayrı-ayrı subyektlərindən, eləcə də strukturuna daxil olmayıb tabeliyində olan təşkilatlardan özünün ümumi məlumatı əsasında aylıq olaraq vəsaitlər toplanılıb.
Həmin vəsaitlər Vidadi Zeynalovun həmin struktur qurumların rəhbərləri ilə öz aralarında müəyyənləşdirdikləri və razılaşdırdıqları qaydada paylanılıb və digər xərclərə yönəldilib.
Bununla bağlı mütəmadi olaraq Vidadi Zeynalovun ümumi hesabatını qəbul edib. Bəzi hallarda həmin struktur qurumların rəhbərləri özləri ona şəxsən məlumat veriblər. Vidadi Zeynalova hansı qurumdan nə qədər vəsait alması barədə göstəriş verməyib, yalnız nazirliyin ümumi xərclərinin tənzimlənməsini tapşırıb.
Sonuncu hesabatlarında toplanmış vəsaitlərin ümumi miqdarı və kimlərə paylandığını bildirsə də, konkret olaraq kimə hansı miqdarda vəsait verilməsini bilməyib. Sabiq nazir özünün şəxsi xərclərinə aylıq olaraq 200.000-300.000 manat vəsait xərclədiyini bildirib.
Bundan əlavə, nazir müavinlərinə əvvəllər 30.000 manat, son iki ildə isə 50.000 manat pul verilib. Bundan başqa, nazirliyin digər əməkdaşlarına da maddi ehtiyaclarını ödəmək üçün pullar verilib. Bayram şənliklərinin və digər mədəni-kütləvi tədbirlərin keçirilməsinə də vəsait xərclənib.
Baş Prokurorluq: Əli Abbasova qarşı cinayət işi açılmayıb
Bəzi KİV-lərdə guya dövlət ittihamçısı Fərid Nağıyev məhkəmədə çıxışı zamanı Əli Abbasov və nazirliyin digər vəzifəli şəxsləri barəsində cinayət işinin başlanmasını bildirməsi barədə informasiyalar yayılıb.
Baş Prokurorluqdan “Report”a verilən məlumata görə, sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir, dövlət ittihamçısı Fərid Nağıyev tərəfindən belə fikir səsləndirilməyib.
“Haqqında söhbət açılan cinayət işi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində istintaqı aparılmış cinayət işinin materiallarından ayrıca icraata ayrılmış cinayət işidir. Hazırda həmin iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda qeyd olunub.