İstintaq İdarəsinin sabiq prokuroru həbs edilib

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Source: Foto: google.az


Orxan Hacıyev rüşvət almaqda ittiham olunur

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin sabiq prokuroru Orxan Hacıyev həbs edilib. Səbəb kimi zərərçəkmiş şəxsin qohumundan rüşvət alması göstərilir.

Məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Sənəddə bildirilir ki, hadisə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş şikayət əsasında araşdırılıb:

“Məlum olub ki, Orxan Hacıyev icraatında olan cinayət işinin istintaqı ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Zərərçəkmiş şəxsin qohumunu xidməti otağında qəbul edib. Ona istintaqın aparılması və təqsirləndirilən şəxsin tutulması məqsədilə əməliyyat tədbirlərinin keçirilməsinin təşkili üçün xərcləri onun ödəməli olduğunu bildirib. Bu məqsədlə onlardan 5000 manat alıb”.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə Orxan Hacıyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrdə nəzərdə tutulmuş ittiham elan olunub.

Cinayət işi üzrə istintaq tamamlanaraq 10 iyun 2020-ci il tarixdə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Orxan Hacıyevin 2015-2018-ci illərdə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsini icra edib.

Ana səhifəSiyasətİstintaq İdarəsinin sabiq prokuroru həbs edilib