İstintaq: Faiq Əmirli ”Hizmət” hərəkatının imamıdır

Vəkil: “O, istintaq materiallarında “Hizmet” hərəkatının imamı kimi təqdim edilir”

Source:


Faiq Əmirliyə qarşı yeni ittiham irəli sürülüb

Avqustun 22-də “Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirliyə qarşı Cinayət Məcəlləsinin (CM) 168.1-ci maddəsi ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) ikinci ittiham verilib.

Bunu AzadlıqRadiosuna F.Əmirlinin vəkili Aqil Layıcov bildirib.

F.Əmirli avqustun 20-də saxlanılarkən ona Cinayət Məcəlləsinin 283-2-ci (milli, irqi, dini düşmənçilik salma) maddəsi ilə ittiham irəli sürülüb.

A.Layıcov qeyd edib ki, F.Əmirli ittihamlar üzrə özünü təqsirli bilmir: “Nə qədər qəribə olsa da, istintaq materiallarında Faiq Əmirli “Hizmet” hərəkatının imamı kimi təqdim edilir . F.Əmirli özünü təqsirkar bilmədiyi üçün istintaqa hər hansı ifadə verməyib”.

Vəkilin sözlərinə görə, F.Əmirlinin sağlamlığında problemlər yaranıb. O, mədə ağrıları ilə bağlı qida qəbul edə bilmir.

Vəkil deyib ki, F.Əmirlinin saxlanması ilə bağlı 48 saatlıq müddət avqustun 22-si saat 16:30-da başa çatır: “Həmin vaxt Faiq Əmirlinin məhkəməsi olmalıdır”.

F.Əmirli 2016-cı il avqustun 20-də yaşadığı binanın qarşısında mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Onu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə aparıblar. F.Əmirlinin avtomobilinin yük yerindən Fethullah Gülənin bir neçə kitabının çıxdığı deyilir. Ancaq F.Əmirlinin yaxınları və hadisənin şahidləri deyirlər ki, həmin kitabları yük yerinə maşına baxışdan öncə naməlum adamlar qoyublar. F.Əmirli deyib ki, saxlanılandan sonra onun maşınının açarı bir saatlıq əlindən alınıb.

“Hizmet” hərəkatını hazırda ABŞ-da yaşayan və Türkiyədə iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə təqsirləndirilən Fethullah Gülənin tərəfdarlarının yaratdığı bildirilir.

Ana səhifəXəbərlərİstintaq: Faiq Əmirli ”Hizmət” hərəkatının imamıdır