”İstintaq Əfqan Muxtarlı işində qarışqadan fil düzəltmək istəyir”

Gülağa Aslanlı: “Beynəlxalq təpkiləri azaltmaq üçün belə edirlər”

Gülağa Aslanlı. Foto: Arxiv
Gülağa Aslanlı müsahibə verərkən
Gülağa Aslanlı müsahibə verərkən


Gülağa Aslanlı: “Beynəlxalq təpkiləri azaltmaq üçün belə edirlər”

İyunun 20-də Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı Baş Prokurorluqda dindirilib.

O, prokurorluqdan çıxdıqdan sonra jurnalistlərə açıqlama verib. Jurnalist Əfqan Muxtarlı barəsində açılan cinayət işində şahid qismində ifadə verdiyini söyləyib:

“Görünən budur ki, istintaq Əfqan Muxtarlının işində qarışqadan fil düzəltmək istəyir. Məncə, Əfqan Muxtarlının həbsinin nə qədər absurd olduğunu onların hamısı dərk etməyə başlayıb. Ona görə də, cinayət işini daha da genişləndirib, Müsavat Partiyası ilə əlaqələndirmək xətti götürülüb. Düşünürəm ki, işlə bağlı beynəlxalq təpkiləri azaltmaq üçün belə edirlər”, – G.Aslanlı bildirib.

Bundan əvvəl Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyası başqanı Arif Hacılı, jurnalistlər Xədicə İsmayıl və Sevinc Vaqifqızı Baş Prokurorluqda Əfqan Muxtarlıya açılmış cinayət işi ilə bağlı dindirilib.

Jurnalist Ə.Muxtarlı mayın 29-u yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də, ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

Ana səhifəXəbərlər”İstintaq Əfqan Muxtarlı işində qarışqadan fil düzəltmək istəyir”