”Azərbaycan praktikasında qiymət artımlarının iqtisadi əsaslandırılması yoxdur”
“Azərbaycanda istilik xidmətlərinin qiyməti qalxacaq”. AzVision.az yazır ki, bunu “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib. ASC rəsmisi qeyd edib ki, isti suyun dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarılması onun qiymətinin yenidən formalaşdırmasına imkan verəcək.
“İsti suyun qiyməti əhali üçün 1 kub metrə 40 qəpik müəyyənləşmişdi. Mayda soyuq suyun tarifləri müəyyənləşənə qədər biz soyuq suyu 1 manata alırdıq, qızdırıb 40 qəpiyə satırdıq. Mayda isə “Azərsu” ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik müəyyənləşdi və bura kanalizasiya xidmətləri də əlavə edilir. Biz soyuq suyun qiymətini və onu qızdırmaq üçün sərf olunan xərcləri və cuzi də qurumun gəlirini qoyub qiymət müəyyənləşdirəcəyik”.
R.Əliyev deyib ki, yaxın günlərdə isti suyun əhali üçün qiyməti müəyyənləşəcək: “Hələlik bunun üzərində iş gedir, hesablamalar aparılır, qiymət hökümətlə razılaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq. Bu, istilik təhcizatının fəaliyyətinin sağlamlaşdırılmasına xidmət edəcək ki, idarə zərərlə işləməsin və tədricən gəlir gətirən təşkilata çevrilsin”.
Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən isti su qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı çıxarılıb. Bu qərar 1 yanvar 2017-ci ildən qüvvəyə minəcək.
İqtisadçı Qadir İbrahimli Meydan TV-yə bildirib ki, Azərbaycan praktikasında qiymət artımlarının iqtisadi əsaslandırılması yoxdur. Qiymətlər iqtisadi arqumentləşdirmə aparılmadan qaldırılır:
“Tutaq ki, 1000 kub metrinin maya dəyəri 47 manata başa gələn təbii qaz əhaliyə 100 manata satılır. Əgər 1000 kub metr qaz 47 manata başa gəlirsə, 10 faiz əlavə edib satmaq olar. Bizdə isə 2 dəfədən artıq baha satılır. Eyni zamanda, dövlət tərəfindən tənzimlənən internet xidmətinin, mobil rabitə tarifləri iqtisadi əsası olmadan tənzimlənir. Ona görə də “Azəristiliktəchizat” ASC oxşar təcrübədən çıxış edərək qiymət tariflərini qaldırmaq istəyir. Məsələnin digər tərəfi, “Azəristiliktəchizat” ASC öz işinin öhdəsindən gələ bilirmi? Yəni Bakı əhalisini qış aylarında normal istiliklə təmin edə bilirmi? Təəssüf ki, belə bir təminat yoxdur”.